Arı cəsədindən məhsul - ARILAR QURUDULUR VƏ ÜYÜDÜLÜR - FOTOREPORTAJ
Bakıda davam edən arıçılıq məhsullarının 21-ci sərgi-satış yarmarkasına arıçılar tərəfindən ən çox cökə balı satışa çıxarılıb. Azərbaycanın bütün iqtisadi bölgələrini təmsil edən 250 arıçı tərəfindən satışa ümumilikdə 39081 kiloqram çökə balı gətirilib. Çökə balı yarmarka dövründə satışa təqdim olunan arıçılıq məhsullarının 1/3 hissəsini təşkil edir. Bundan başqa arıçı fermerlər satışa 19609 kiloqram çiçək balı, 13167 kiloqram qaratikan balı, 7775 kiloqram may balı, 5341 kiloqram dağ balı, 5008 kiloqram biyan balı, 4229 kiloqram meşə balı çıxarıblar. Bundan başqa yarmarkada çəmən balı, dağ-çəmən balı, şabalıd balı, yonca balı və digər bal növləri satılır. SİA sözügedən yarmarkadan olan reportajını təqdim edir.

Şəki şəhərindən arıçı Faiq Həsənov: “Arıçılıq məhsullarının sərgi-satış yarmarkasına uzun müddətdir gəlirəm. Yarmarkaya maraq kifayət qədərdir və bura gəlməyin bir çox müsbət yanları var. Burada həm arıçılarla ünsiyyətdə oluruq, həm də yeni müştərilər tapırıq. Babamdan miras qalmış şəxsi təsərrüfatımızın məhsullarını yarmarkada satışa çıxarmışam. Arıçılığa uşaqlıqdan başlamışam və bu işə xüsusi marağım var. Burada təkcə bal yox, arıçılıq məhsulları da satışa çıxarmışıq. Məsələn burada bal və çiçək tozunun, bal və qozun qarışımından əldə etdiyimiz məcunlar var ki, bunlar immunitet sistemini gücləndirir, qan azlığını aradan qaldırır, həmçinin qaraciyərə də xeyri var. Güləm adlandırdığımız arı çörəyi var ki, bu da arı nəslini artırması üçün lazım olan komponentdir. Güləm özü də insan orqanizmində immun sisteminin gücləndirilməsinə və qan azlığının aradan qaldırılmasına kömək edən bir məhsuldur. Propolisin spirtlə hazırlanmış növü mədə xoralarına, astma-bronxidə, bağırsaqlarda olan mikrobların aradan qaldırılmasında böyük rol oynayır. Propolis təbii antibyotikdir. Arılar bunu ağacın tumurcuqlarından yığır və yuvalarının ağzına çəkirlər. Propolis burada dezinfeksiya rolunu oynayır. Arılar bu yolla yuvaya girərkən ayaqlarını dezinfeksiya edirlər”.

İsmayıllı rayonu İvanovka kəndindən Marina Sergeyeva: “Öz təbii məhsullarımızı yarmarkada satışa çıxarmışıq və məhsullarımızın keyfiyyətinə tam zəmanət veririk. Piştaxtada gördüyünüz hər bir bal və bal məhsulları şəxsi təsərrüfatımızın məhsullarıdır. Bir çox bal növlərini burada görə bilərsiniz. Pandemiyaya görə nisbətən bu il müştəri az olsa da, yenə də yarmarkada yaradılan şəraitdən razıyıq”.

Zaqatala rayonu Dağlı kəndindən arıçı Məmməd İdrisov: “30 ildən çoxdur ki, arıçılıqla məşğuluq. Heç bir qatqı maddəsi olmadan öz təbii məhsulumuzu satışa çıxarmışıq. Yarmarkada bizim üçün yaradılan şərait çox yaxşıdır. Lakin düşünürəm ki, bal və bal məhsulları haqqında, arıçıların tanıdılması, arıçılıq sənəti ilə əlaqədar cəmiyyətimiz dolğun şəkildə məlumatlandırılmalıdır. Təbliğat az olduğu üçün satış zamanı biz bəzi çətinliklər çəkirik. Pandemiya dövründə əsas məsələ immunitet sisteminin gücləndirilməsidir. Bunun üçün də ən yaxşı vasitə baldır. Balın bir çox növünü bizim piştaxtada görə bilərsiniz və məhsulumuzun keyfiyyətinə tam zəmanət veririk”.

Zaqatala rayonundan arıçı Bayramxatun Məzənova: “Məhsullarımız öz şəxsi təsərrüfatımızdandır. Bal elə bir məhsuldur ki, onu arıçının şəxsən özündən əldə etmək lazımdır. Çünki arıçı məhsulu haqqında daha dolğun məlumat verməklə yanaşı həm də məhsulun keyfiyyətinə də zəmanət verə bilir. Biz arı yuvalarını çiçəklərin çox olduğu rayonlara aparırıq. Bu da nəticədə daha ləzzətli və daha keyfiyyətli məhsul əldə etməyimizə səbəb olur”.

Arıçı Telman Musayev: “Arı deyəndə ilk növbədə bal yada düşür. Lakin bal arının qiymət olaraq ən ucuz məhsuludur. Arı südü, güləm, propolis, adi mum, qaymaq mumu və s. kimi arıçılıq məhsullarının insan orqanizminə bir çox faydaları var. Podmor deyilən bir məhsul var ki, o arı cəsədindən hazırlanır. Amma həmin məhsulun hazırlanmasında təbii şəkildə özü ölən arılardan istifadə olunmalıdır. Həmin arılar qurudulduqdan sonra üyüdülür və spirtdə hazırlanan məhlul süzülərək içinə propolis cövhəri əlavə edilir. Bu məhlul qandakı toksinlərin atılmasına yardımçı olur. Arı saxlandığı ərazidən asılı olaraq balın ətri, dadı və tərkibi dəyişir. Arının uça bildiyi radiusda hansı nektar verən bitkilər varsa, ona uyğun da balın dadı, rəngi dəyişir. Bal çox faydalı bir məhsuldur. Mən alıcılarımıza arzu edirəm ki, süfrələrində həmişə bal olsun. Sağlam gələcəyimizin yetişməsi üçün sağlam qidalanmaq lazımdır. Əsas məsələlərdən biri də təbii balın tanınması ilə bağlıdır. Bunun üçün kortəbii şəkildə qulaqdandolma fikirlərin heç biri düzgün deyil. Bununla alıcılarımız sadəcə özlərini aldadırlar. Balın laboratoriya muayinəsi aparılmalıdır və beləcə balın keyfiyyəti müəyyənləşdirilə bilər. Tam məsuliyyətimlə deyə bilərəm ki, kortəbii üsullarla balı heç kim tanıya bilməz”.


“Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndəsi Qalib Bəhrəmov: “Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 20 oktyabrdan 7 noyabr tarixinədək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası təşkil olunub. Yarmarka hər gün səhər saat 09:00-dan 19:00-dək davam edir. Yarmarkaya qeydiyyat onlayn şəkildə aparılıb. İlk qeydiyyatdan keçən ümumilikdə 250 arıçı bu yarmarkada iştirak edir. Yarmarkada iştirak edən hər bir arıçı ya covid-19 pasportuna, ya da immun sertifikatına malik olmalıdır. Qeyd edim ki, yarmarkada bal və digər arıçılıq məhsullarının qiymətlərinə təşkilatçı olaraq heç bir müdaxiləmiz yoxdur. Məlumat üçün deyə bilərəm ki, bazarda qiymət aralığı 20 manatla 50 manat arasında dəyişir. Balın keyfiyyətinə isə AQTA nəzarət edir. Belə ki, bal və digər arıçılıq məhsulları yarmarkaya çıxarılmazdan əvvəl AQTA tərəfindən yoxlanılıb və yoxlanışdan müsbət cavab almış məhsullar yarmarkada satışa çıxarılıb”.
Qeyd edək ki, Arıçılıq məhsullarının 21-ci sərgi-satış yarmarkası noyabrın 7-dək davam edəcək.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB