Yaşlı insanlar həyatda müəyyən təcrübələr yaşamış insanlardır. Onlar öz təcrübələrindən yola çıxaraq gələcəkdəki hadisələrin nəticəsini öncədən görə bilirlər. Buna görə də özlərindən kiçiklərə həyat dərsi vermək, onları məlumatlandırmaq istəyirlər. Atalarımız nəyin yanlış, nəyin düz olduqlarını yaşayaraq öyrəniblər. Hal-hazırda işlətdiyimiz atalar sözləri, məsəllər qədim dövrdə yaşayan böyüklərimizin başına gələn hadisələrin nəticəsi olaraq yaranmışdır. Əslində atalar çox müdrik sözlər deyiblər və bu məsəllər günümüzdə öz aktuallığını qoruyur. ”Böyüyün sözünə baxmayan böyürə-böyürə qalar”. Bu atalar sözünün mənası olduqca dərindir. Böyüklər, valideynlər öz yaşadıqlarından nəticə çıxararaq gənclərə nəsihətlər vermək istəyirlər ki, onların etdikləri yanlışları etməsinlər, özləri üçün yaxşı bir gələcək qursunlar. Lakin indiki dövrdə böyük sözü, ağsaqqal sözü dinləyən gənclər keçmiş dövrlərə nisbətən daha azdır. Bəs bunun səbəbi nədir? Nə üçün indiki dövrdə gənclərin bir qismi böyük sözü dinləmirlər? SİA bu məsələ ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib:
Şəhər sakini Şamil Mahmudov: "Məncə günahkar böyüklərin özləridir. Evdə gərək uşağa ailə tərbiyəsi verilsin. Həm də uşağın düşdüyü mühitdən də çox şey asılıdır. Uşaq hansı mühitdə böyüyürsə elə də özünü formalaşdırır".
Şəhər sakini Mehdi Ağayev: "Ona görə ki, böyüklər övladlarına düzgün tərbiyə vemirlər. Əvvəllər bir ailədə 5-6 uşaq olurdu, hamısına eyni münasibət göstərilirdi. İndiki dövrdə bir ya da iki uşaq olur, onları da ərköyün böyüdürlər".

Şəhər sakini Müşkünaz Babayeva: "Uşaqlar indi sərbəstliyi daha çox sevirlər. Bizim dövrümüzdə elə idi ki, valideynlər nə deyirdi biz onların məsləhətinə qulaq asırdıq. Amma indiki gənclər daha çox öz bildiklərini üstün tuturlar. Əslində böyük sözünə qulaq asan uşaqlar da var. Mən özüm müəlliməyəm. İşlədiyim yerdə elə uşaq var ki, sözə baxır, eləsi də var ki, sözə baxmır".

Şəhər sakini Mirzə Şamilov: "İndiki cavanlar elə bilirlər ki, ən yaxşısını özləri bilir. Ola bilər ki, savadlıdırlar amma həyat təcrübələri azdır. Elə şeylər var ki, onu bilmirlər. Bu zaman da gərək böyüklərini dinləsinlər. Onların istiqamətləri ilə hərəkət etsinlər".
Şəhər sakini Aydın Kərimov: "Əvvəllər böyük-kiçik yeri var idi. Hər kəs özündə böyüyə hörmət edərdi. Mən deməzdim ki, indiki gəclərin hamısı belədi. Xeyr, hamısı yox bir hissəsi öz bildiklərinin dalınca gedirlər. Məncə, böyüklərin sözünə baxan gənclər daha çox xeyir tapır".
Şəhər sakini Rüstəm Məmmədov: "Mənə elə gəlir ki, indi sosial şəbəkə, telefon, internet gəncləri bu günə qoyub. Əvvəllər internet yox idi, gənclər çoxlu mütaliə edirdilər. Deməzdim bütün gənclər belədi. Elə gənclər var ki, biz onlarla fəxr edirik. İstər savadı, istərsə də hərəkətləri ilə gənclərə nümunədirlər".
Şəhər sakini Xədicə Xalıqzadə: "Çünki böyüklərdə də günah var. Gərək uşağı zamanəyə görə tərbiyə edəsən. Bunların hamısı uşaqlıqdan baş verir. Vaxtında uşağın üstünə düşmək lazımdır".
Şəhər sakini İradə Xəlilova: "Məncə indiki dövr texnologiya dövrüdür və uşaqlar daha çox sosial şəbəkələrdə gördüklərini hayata keçirirlər. Ola bilsin ki, müasirliyi bunda görürlər. Elə gənclər də var ki, hər zaman böyüklərin sözlərinə baxırlar. Yəni ailədən asılıdır. Ailə necə hərəkət edirsə uşaqlar da onları götürürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB