“Küçə mədəniyyəti“ bəzilərimiz üçün ya tanınmış xadimlərin adlarının küçələrimizə verilməsi, ya reklam stendləri ilə bəzədilməsi, ya da ən pis halda rep musiqisi ilə assosiasiya olunur. Daha geniş anlam kəsb edən “küçə mədəniyyəti“ isə əslində çox kiçik şeylərdən başlanır. Çoxumuzun bəlkə də ağlına gəlmir ki, küçədə qışqıra-qışqıra danışmaq, söyüş söymək, əlindəki yemək qalığını və ya digər tullantını hara gəldi tullamaq, çeynənmiş saqqızı küçənin ortasına atmaq, hələ bu azmış kimi, hər iki addımdan bir yerə tüpürmək ədəbsizlik, mədəniyyətsizlik etmək olmaz. Bu kiçik şeylər bir çox insanlar üçün o qədər adiləşib ki, artıq hər kəs küçədə, insanların içərisində yolun ortasına tüpürməyi normal qəbul edirlər. Mədəniyyət uşaqlıq yaşlarından insanın yaratdığı və nəsildən-nəsilə ötürdüyü maddi və mənəvi dəyərlərdir. Əslində isə mədəniyyətli olmaq özünüdərkdən irəli gəlir ki, bu da milli şüurun inkişafı ilə bağlıdır. Onu da unutmamalıyıq ki, biz cəmiyyətdə yaşayırıq. Erkən yaşlarından hər birimiz ictimai nəqliyyatda yol hərəkəti qaydalarını və davranış normalarını bilməliyik.
Təmizlik hər insan üçün vacib xüsusiyyət, sağlamlığının ən önəmli şərtidir. Bunun üçün də insan özü ilə yanaşı, ətrafını da təmiz saxlamalıdır. Evinin, geyiminin, yeməyinin təmizliyinə diqqət yetirdiyi kimi ətrafının, getdiyi küçənin, parkın, dükanın da təmizliyinə riayət etməlidir.
Bakıda insanların təmizliyə riayət etməməsi, küçədə gedərkən, hətta avtomobilin pəncərəsindən zibil atması, şəhərdə zibil qablarının azlığından dəfələrlə yazılmasına baxmayaraq hələ ki, bu sahədə problemlər tam həllini tapmayıb. Bizim bugünkü mövzumuz isə digər bir amilə yönəlib ki, bu da yerə zibil atmaq qədər qeyri-etik bir hərəkətlə bağlıdır. Çox təəssüf ki, bu gün paytaxtın küçələrində yol gedərkən yerə baxmamağa çalışırıq. Çünki hər addımda tüpürcək görürük. Bir çox insanlar yolda, pilləkənlərdə, hətta metro stansiyalarında da tüpürməkdən çəkinmirlər. Xəstəlik yaymaqları bir yana, həmin yolun, küçənin, metronun hamıya aid olduğunu düşünmürlər belə.
Mütəxəssislərin fikrincə, yerə tüpürməklə yaranan xəstəliklər sırasında tənəffüs yolu ilə keçən vərəm, bronxit, qrip kimi xəstəliklər yer alır. Eləcə də psixoloji baxımdan tüpürmək hərəkəti insanlarda diksinmə, əsəbilik, stress kimi amillərə səbəb olur. Onu da qeyd edək ki, cəmiyyətin səviyyəsi baxımından tüpürmək, az inkişaf etmiş ölkələrdə müşahidə edilən bir davranış şəkli mədəniyyətsizlik kimi qəbul edilir.
Yerə tüpürənlərin sayı bu gün keçmişə baxdıqda daha da çoxalıb deyirlər. Ancaq keçmişə baxsaq, bu pis vərdiş əvvəlki dövrlərdə də olub. Hətta bəzi ölkələrdə sözlə, pul cəzası ilə bu pis vərdişin qarşısını ala bilməyənlər başqa üsul tətbiq ediblər. Belə ki, dövlətdən maaş alan bir qrup işçi əllərində küçə-küçə kül gəzdirir və yolda rast gəldikləri tüpürcəyin üzərinə tökürmüşlər. Beləliklə, yoldan keçən insanları iyrəndirən pis zərərlərin ortadan qaldırılmasını təmin edirmişlər. Hətta hazırda da bəzi ölkələrdə bununla bağlı "Yerə tüpürməyin!" sözləri yazılmış lövhələrə rast gəlmək mümkündür. Bəlkə də bu insanlar küçələrdə etdikləri bu hərəkətlə bir sıra xəstəliyin səbəbkarı olduqlarını düşünsələr, özlərinin də xəstələnmələrinə yol açacaq bu davranışlardan imtina edərdilər. Onu da qeyd edək ki, bu cür hərəkəti edənlər, demək olar ki, ancaq kişilərdir. Hətta belə insanların nəinki yoldan keçərkən, eyvanlardan aşağı siqaret kötüyü atdığının, tüpürdüyünün şahidi oluruq.
Niyə etiraz edilmir?
Bu gün çoxları həmin kobud hərəkətləri edən insanların yanından sakitcə keçib gedir, etiraz bildirmirlər. Xarici ölkələrdə ictimai qınağın önəm kəsb etməsinə baxmayaraq, bu hələ ki, bizdə reallaşmayıb. Bu da təsadüfi deyil. Əgər küçəyə zibil atan, yaxud tüpürən bir insana yaxınlaşıb bu hərəkəti ilə bağlı fikir bildirsən, onun sərt baxışları, qışqırığı ilə rastlaşacaqsan. Hətta hərəkətinə bəraət qazandırmağa çalışacaq. Ancaq ictimai qınağın önəm kəsb etdiyi ölkələrdə insanlar hansısa tənqidə məruz qaldıqda bundan nəticə çıxarırlar. Bu gün ölkədə yerə zibil atılmasına qarşı müvafiq cəza növü olsa da, dəfələrlə küçədə gedən vətəndaşın, avtomobildəki sürücünün, hətta metro stansiyalarında insanların yerə zibil atdıqlarının şahidi oluruq.
Maraqlı bir fakt isə odur ki, alimlərin fikrincə, insanlar tüpürməklə həm də özlərinə ziyan vururlar. Belə ki, tüpürcək dişləri çürüməkdən qoruyur. Sağlam bir insanın ağzında gündə 500-1500 millilitr tüpürcək ifraz edilir ki, bu da mikroorqanizmlərin diş səthindən uzaqlaşdırılmasını, mexaniki təmizləməni təşkil edir. Ağızda tüpürcəyin azalması "ağız quruluğu" kimi dəyərləndirilir, bu zaman diş çürüklüyü və dildə çatlar yaranır. Beləliklə, tüpürcək dişlər üzərinə bakteriya yığılmasının qarşısını alaraq ağız florasını tənzimləyir.
Xaricdə təmizlik cərimələri hansılardır?
Əgər faktlara nəzər salsaq, görərik ki, bu gün bir sıra ölkələrdə ətrafı çirkləndirmək, o cümlədən yerə tüpürməklə bağlı müxtəlif cəza növləri tətbiq olunur. Belə ölkələrdən biri olan İngiltərənin paytaxtı Londonda türklərin sıx yaşadıqları Enfild məhəlləsi ölkədə yerə tüpürmənin cəzalandırıldığı ilk bölgə olub. 2011-ci ildə çıxan qərarla küçəyə tüpürərkən yaxalananlara 80 funt-sterlinq pul cəzası kəsilir. Yerə tüpürərkən yaxalanan insanlar verilən cəzanı ödəmədikləri halda 5 min funt-sterlinq cərimə ilə üzləşirlər.
Dünyanın ən kiçik ölkələrindən olan Sinqapurda da yerə tüpürmək, zibil atmaq kimi gərəksiz hərəkətlərə görə insanlar cəza alırlar. Təkcə yerə tüpürməyə görə vətəndaşları 500 dollar məbləğində cəza gözləyir. Bu baxımdan ölkə sanki kiçik və təmiz bir evi xatırladır.
Qazaxıstanda saqqız çeynəyib yerə atan, tüpürən, ətrafı çirkləndirən, ətrafı narahat edən insanları isə üç gün həbs cəzası gözləyir.
Bu sahədə cəza tətbiq olunan ölkələrdən biri də Almaniyadır ki, burada yerə tüpürənləri 20 avro məbləğində cəza gözləyir. İspaniyada yerə tüpürmək qanunla cinayət sayılır.
Çində yerə tüpürən insanlara 800 dollar məbləğində cərimə tətbiq edilir.
Bəs, bu cür sosial bəlaların qarşısını almaq üçün nə etmək lazımdır?
Məsələ ilə bağlı SİA sosioloq Əhməd Qəşəmoğlunun fikirlərini öyrənib: “Həmişə hər bir xalqın, ölkənin inkişaf səviyyəsi küçədəki insanların davranış tərzi ilə, davranış mədəniyyəti ilə müəyyən olunur. Əhalinin küçədə davranışı həm ölkənin əhalisinin özü üçün, həm də ölkədə daha rahat yaşamağa, daha yaxşı hiss etməyə kömək edir. Çünki bir tərəfdən də xarici ölkələrdən gələnlər ağlında ölkə haqqında ciddi fikir yaranır. Davranışı formalaşdıran 4 mühüm amil var: insanın şəxsi keyfiyyətləri, mühit, aldığı informasiyalar və üstünlük verdiyi dəyərlər. Bütün bunları nəzərə alaraq, ölkədə davranışı tənzimləmək üçün çox gözəl mexanizmlər, texnologiyalar hazırlamaq olar. Amma bu sahədə ciddi çalışan qurum yoxdur. Əsasən ailədən başlamaq lazımdır. İnsanı uşaq vaxtında istiqamətləndirmək lazımdır. Ümumiyyətlə məktəblərdə, baxçalarda maarifləndirmə təlimləri aparılmalıdır. Televiziya və kütləvi informasiya vasitələrimiz bu sahədə ciddi addımlar atmalıdır”.
Etika Akademiyasının rəhbəri Günel İbrahim mövzu ilə bağlı bildirib ki, təmizlik kiçik yaşlardan aşılanır. Uşaq cəmiyyət mədəniyyətini mənimsədikdə böyüklərin necə hərəkət etdiyini müşahidə edir. Çöl dediyimiz Vətən torpağıdır. Evimizin kəndarıdır. Zibil, tullantı psixologiyası ilə mübarizə aparmalıyıq. Bu insani davranış, təbiətə qarşı olan borcumuzdur. Mədəniyyət insanın daxilindədir və tullantını küçəyə, çaya, yerə atırsa, dəyərlərində cılızlıq var. Çöldə olan zibil orada yaşayan millətin mədəniyyət səviyyəsini göstərir. Gəlin unutmayaq ki, küçələrimizin təmizliyində işləyən analarımız, bacılarımızdır. Hər yerə atılan zibil itmir. Onu bir Azərbaycan qadını əziyyətlə təmizləyir”.
Psixoloq Aytən Ələkbərova məsələ ilə bağlı qeyd edib ki, şəxsiyyətin bir toplumun üzvü kimi bəzi sosial obyektlərə də münasibəti tamamilə fərqlidir: “Yəni burada sosial əxlaqın özünün tənzimləməsi, davamlılığı prosesi tamamilə ard-arda gedir. Biz ailədə övladımızı əgər tərbiyə ilə yetişdirmək istəyiriksə, mütləq şəkildə övladımıza hörmət etməliyik. Övladımıza olan hörmətimiz ona verdiyimiz ən gözəl tərbiyədir. Ən gözəl tərbiyə yolundan biri isə biz davranışlarımızda göstərdiyimiz məqamdır. Yəni burada artıq təbliğat psixologiyası şəxsiyyətin müəyyən vəziyyətlərdə davranışını dəyişmək və normal şəkildə özünü göstərməsidir. Məsələn biz burada birbaşa xarakterin bazar tipinə yönələk. Çünki burada özünü insan kimi qiymətləndirən, özünü uğurlu şəkildə sata və dəyişə bilən insanlardır. Hansı ki, burada biz övladımıza bu yerə düşüb, bunu mütləq yerdən götür demirik. Biz etdiyimiz hərəkətlərlə ona tərbiyə veririk. Məsələn əgər, biz avtomobildə almanı yeyib daha sonra küçəyə atırıqsa, demək ki, bizim övladımız bizdən bu cür tərbiyəni götürür. Ümumiyyətlə insanların inkişaf etməsində biz birbaşa uşaqlıq vaxtından başlayaraq küçə mədəniyyətini, küçədəki etik davranışları təbliğat psixologiyası ilə aparsaq, psixoloji olaraq artıq insanlar buna adət etmiş olacaq. Nəticə etibarilə təbii olaraq sabah cəmiyyətdə bu cür narahatlıq kəsb edən halların qarşısını almış olacayıq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB