Sosial şəbəkələrdə tanışlığa CƏMİYYƏTİN BAXIŞI - SORĞU

Son dövrlərə nəzər salsaq, demək olar ki, bir-birinə paralel olan evlilik və boşanma nisbətləri günümüzün ən çox müzakirə edilən mövzusudur. Xüsusən də gənc qızların və ya nikah yaşında olan gənc oğlanların sosial şəbəkə vasitəsi ilə kiminsə tapıb tanış olacağı və ailə quracağı inancı ən çox da ailələri düşündürür. Sosial media platformasında istifadəçilərin əylənmək məqsədi olmadan ciddi bir şəkildə tapıb görüşdükdən sonra quracaqları münasibət evliliyə mane olan hallardan deyil. İnternetdə tanış olub ailə quran insanların evlənməsinin caiz olmadığını demək olmaz. İnternetdə tanış olub evlənməyin problemi yoxdur. Ancaq evlilik üçün çox riskli bir yerdir. Görək insanlar sosial şəbəkələrdən tanışlığa necə münasibət göstərir? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Şahin Hüseynov: “Bu barədə onu deyə bilərəm ki, artıq texnologiya əsrində yaşayırıq. Heç nə əvvəlki kimi deyil, hər həs bir-birini istər burada, istərsə də sosial şəbəkədə görüb tanış olurlar. Əgər onlarda alınsa və ciddi münasibət düşünsələr evlilik edirlər. Mənim buna münasibətim normaldır. Bizim dövrlə bu dövrü eyni tutmaq düzgün deyil və hər dövrün özünəməxsus qanunları var. Əgər sosial şəbəkələrdən yaxşı niyyətlə istifadə edib tanış olurlarsa, buna pis baxmağım doğru olmaz”.

Şəhər sakini Gülşən Nəsirova: “Mən bu məsələyə yaxşı münasibət göstərmirəm. Çünki iki insan ekran arxasında necə bir-biri ilə tanış olub, ona güvənə bilər, bu, nə dərəcədə düzgündür? Məncə, tanış olsalar da, onların üz-üzə görüşməsi mütləqdir. Onlar bir-birinin emosiyalarını, mimikalarını danışıq mədəniyyətini və davranışlarını yaxından anlamalıdırlar. Bunun üçün də üz-üzə tanış olmaları mütləqdir”.

Şəhər sakini Şahbaz Bədəlov: “Bizim dövrümüzdə texnologiya çox az inkişaf etdiyinə görə, biz belə hallar yaşamamışıq. O vaxt bir kişi bir xanımı bəyənirdi, yaxınlaşıb fikrini almağa da utanardı. Sonra isə ailəsi ilə həmin xanıma elçi gedərdilər. Lakin indi görürəm ki, belə hallar azalıb artıq sevgililər öz aralarında danışıb, görüşürlər əgər alınarsa, sonra ailələrinə deyirlər. Yəni bu dövrə görə bir tərəfdən insanların bir-birini tanıması yaxşıdır, amma bunun yaxşı olmayan tərəflərinin də şahidi oluruq”.

Şəhər sakini Günel Rzayeva: “Deyirlər ki, sosial şəbəkədə tanış olanların sonu faciə ilə nəticələnir. Ancaq qeyri-sosial şəbəkədə də tanış olub evlənənlərin də sonunun faciə ilə bitənləri var. Buna görə də sosial şəbəkələri günahlandırmaq lazım deyil. Sovet vaxtı inkişaf var idi. Nadir hallarda oğlan qızın üzünü toy günü görürdü. Amma sovet dağıldıqdan sonra bir sıra bölgələrdə sanki keçmişə qayıdış oldu. Sosial şəbəkə anlayışına insanlar hələ ki, öyrəşməyiblər. Hazırda cəmiyyətdə əgər qız sosial şəbəkədədirsə, pis qızdır kimi düşüncələr var. Halbuki, insanların sosial şəbəkədə olması, hətta burada kiminləsə tanış olması normal bir şeydir”.

Şəhər sakini İsmət Soltanov: “Əvvəllər bu normal idi ki, qohum-əqrəba düzüb qoşurdu, qız ərə gedirdi. Amma indi informasiya bolluğudur və insanlar bunu qəbul etmirlər. Münasibətlərdə əvvəllər kişi həyat yoldaşını vuranda deyirdilər ki, dözməlisən. Ancaq indi anlayışlar dəyişib və qadın bunu qəbul etmir. Buna görə də mentalitet zamanla dəyişə bilir. Təəssüflər olsun ki, cəmiyyətimizdə sosial şəbəkədə tanış olanlara, xüsusən də, qızlara çox adam normal baxmırlar. Oğlana hər şey ola bilər, amma qıza yox. Buda mentalitetdən irəli gəlir. Ancaq mən özüm normal baxıram”.

Şəhər sakini Qəndab Əliyeva: “Əgər bunu yaxşı yönə istifadə edirlərsə, bəli, mən buna yaxşı baxıram. Lakin indi gənclərin çoxu internetdən yaxşı niyyətlə istifadə etmirlər. Elə hadisələr olur ki, qızla oğlan tanış olduqdan sonra, oğlan həmin qıza başqa niyyətlə yanaşır və onun xoş rəftarından istifadə edir. Belə olan hallarda isə bəzi gənc qızlarımızın həyatı məhv olur. Bu cür hadisələri göz önünə gətirdikdə isə, bunun bir bəla olduğunu düşünürəm”.

Şəhər sakini Samit Mədətov: “İnternet həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Nə qədər ondan qaçmaq istəsək də, hazırda bu, mükün deyil. İnternet bir çox işlərimizi asanlaşdırdığı kimi, həyatımızda da bəzi dəyişikliklərin yaranmasına səbəb olub. Bir vətəndaş olaraq internetdə tanış olub evlənən cütlüklərə çox yaxşı baxıram. Bu, normal bir haldır, çünki internet insanların komplekssiz olmasına çox kömək edir. Bunun üçün də insanlar komplekssiz ailə həyatı qururlar. Lakin bəziləri də var ki, sırf internetdə özlərini gizlədə bilirlər. Yəni istər xarici görkəmində olsun, istərsə də danışıqlarında. Buna görə də bəzi insanlar internet evliliyinə yaxşı yanaşmırlar. Sosial şəbəkədə tanış olub ailə həyatı qurmaq normal bir haldır. Bunu pis qarşılamaq heç də düzgün deyil”.

Şəhər sakini Murad Adiloğlu: “Sosisal şəbəkələr bu dəqiqə həyatımızda ön plandadır. Yaşlı nəsil bunu bir o qədər də önəmsəmir, amma gənc və orta nəsilin demək olar ki, sosial şəbəkəsiz günü keçirmir. Azərbaycanda milli mentalitet baxımından sosial şəbəkələrdə tanış olan bəylər və xanımlar cəmiyyət tərəfindən düzgün qarşılanmırlar, və nəticədə bir-birilərini tanımadan ailə həyatı qururlar. Əslində, mən valideynlərin məsləhət gördüyü evliliyə də razı deyiləm, o da elə sosial şəbəkənin fərqli bir formasıdır. Mən düşünürəm ki, bəy və xanımlar sosial şəbəkədə tanış olsalar belə, onlara müəyyən bir vaxt verilməlidir ki, yaxından tanış ola bilsinlər. Əvvəlcədən bildirirəm ki, bizim mentalitetimizə uyğun olmasa da, bir çox xarici ölkələrdə insanlar bir müddət eyni evdə yaşayırlar və sonradan əgər onlarda hər şey yaxşı alınarsa o zaman evlənməyə qərar verirlər. Məncə, bizdə nişanlılıq müddəti biraz uzun olmalıdır ki, onlar da bir-birilərini yetəri qədər tanısınlar”.

Şəhər sakini Aygül Kərimova: “Ümumiyyətlə, hal-hazırkı dövrdə demək olar ki, çox sahədə inkişaf sürətlə gedir. İnsanların daha rahat, əlverişli, məqsədəuyğun istifadə edə biləcəyi yeniliklər ixtira edilir. Bu günümüzdə sosial şəbəkənin rolu əvəzsizdir. Düzdür özünəməxsus mənfi cəhətləri də var, lakin baxır kim, necə və hansı dərəcədə istifadə edir. Burada müxtəlif fikirli, məqsədli insanlar var. Lakin ciddi tanışlıq, sağlam münasibət, sevgi axtaranlar da az deyil. Bu cür insanların əksəriyyəti real həyatda istədiyini ala bilməyən, özünə qapalı, çəkinən insanlardı. Onlarda müasir dövrün yaratdığı asan, geniş imkandan istifadə edir. İndiki vaxtda sosial şəbəkədə tanış olub ailə həyatı quranlara pis baxmıram. Yəni misal çəkdiyim insanlardı əksəriyyəti, çarəsiz, tənha, özünə qapalı olanlardır. Onların burada öz istəklərinə qovuşması, ailə sevinci, xoşbəxtlik tapması pis hal deyil. Bu cür ünsiyyət, tanışlıq saytları dünya miqyasında öz sözünü deyib. Bu vasitə insanı tanımaq üçün müəyyən qədər açıq və əlverişlidi”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə