Şəhid Mürsəl Kazımlının anım günü keçirilib - FOTOLAR

Şəhid Mürsəl Kazımlının anım günündən qalan... Xatirələr...

Mürsəl bala, Tanrı dağında olan ruhuna salamlar, Tanrı dərgahında cənnət məknanına salamlar. Sənin cismindir gedən... Ruhun səni sevənlərin qəlbinə köçüb, taxt-tac qurub qəlblərdə. Bu gün ölüm mələyin çiyinlərinə endin. Səni Tanrının ən yüksək zirvəsinə şəhadətlik zirvəsinə qaldırdı. Bu elə bir zirvədir ki, hər kəs o zirvəyə çata bilməz. Vətəninə, elinə bağlı Şəhid Mürsəl. Sən bütün arzularını, gələcək planlarını, doğmalarını, sevdiklərini arxanca buraxıb döyüşə yollandın. Vətənin ən böyük dərdi "Qarabağ dərdi" vardı. Qarabağ- Vətənimizin alnında sanki bir ləkə idi. Sizin kimi mərd oğulların qəhrəmanlığı, şücaəti, qorxmazlığı hesabına bu ləkə Vətənimizin alnından təmizləndi. Sizin kimi oğullar bu yolda sinəsini sipər etdi. Qarış-qarış torpaqlarımız geri alındı. Vətənin hər daşında, hər torpağında sizin kimi şəhid oğulların qanı töküldü. QAN TORPAĞA QARIŞANDA VƏTƏNDİR. İgid Mürsəl bala, çoxlu arzuların var idi. Arzuların yarım qaldı... Pünhan sevgin yarım qaldı. Sən ailənizin tək oğul övladı olmağına baxmayaraq Vətəni hər kəsdən, hər şeydən üstün tutdun. XATİRƏLƏRİN qaldı... Uşaqlıq xatirələrin, gənclik xatirələrin doğmalarının gözlərində kök saldı. Vətən müharibəsinə könüllü yollanan zaman heç nəyi düşünmədin. Vətən sevgisi səni ölümün gözünə dik baxmağa məcbur etdi. Axı bilirdin ki, bu gedişin dönüşü olmaya da bilərdi. Kamil müəllim, Lalə xanım sizin oğlunuz hamımızın doğması oldu... Sizlər Şəhid Mürsəlimizin bizlərə əmanət qalan valideynlərini.... Tanrı sizləri qorusun. Sizlər, o qədər məğrur, mətin, iradəli, vətənsevər insanlarsız ki, gözlərinizdə bir yığın qəm yükü olmağına baxmayaraq. Kazımovlar ailəsinin tərbiyə verib, yetişdirdiyi igid Mürsəlimiz bir çoxlarına örnək olmalıdır. Var olun belə igid oğul sahibi olan ata-ana. Sizlər örnəksiniz. Bu gün Suraxanı rayon icra hakimiyyəti tərəfindən şəhid Mürsəlimizin anım günü yüksək səviyyədə keçirildi. Şəhid ataları, şəhid anaları bizlər sizlərə borcluyuq. Qayıdan torpaqlarımız sizlərin qayıtmayan, canınızdan can gedən oğullarınız hesabına birləşdi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Cəmilə Babayeva

Bütün xəbərlər Facebook səhifəmizdə