Toyda, yasda az qalır ki, camaat bir-birinin ağzının içinə girsin - İRAD - MƏRKƏZ SƏDRİ AYDINLIQ GƏTİRDİ

"Ölkəmizdə yoluxma sayının yenidən artması narahatlıq doğurur. Təkcə bu gün koronavirusdan 21 nəfərin ölməsi bizi ciddi düşündürməlidir. Virusun Azərbaycanda yenidən meydan sulamasına imkan verməməliyik. Müvafiq strukturlar tərəfindən müəyyən edilmiş qaydalara riayət etməsək, əhalinin növbəti dəfə pandemiyanın şokunu yaşaması qaçılmaz olacaq". Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, yoluxma sayı həm də məsuliyyətsiz insanların günahı üzündən artır: "Demək olar ki, hər gün hansısa koronavirus xəstəsinin metroda, ya da şadlıq sarayında polis tərəfindən saxlanıldığının şahidi oluruq. Xəstə olduğunu bilə-bilə ictimai yerdə görünmək insanın mənəvi kasadlığının təzahürüdür. Koronavirus xəstəsinin ictimai nəqliyyata minməsi, yaxud toya, yasa getməsi vicdansızlıqdır. Bu cür adamların üzündən dünya virusun axırına çıxa bilmir. Məncə, əsas problem arxayınlaşmağımızdır. Çox adam elə bilir ki, virusun təhlükəli dövrü arxada qalıb. Biz virusa xəstəlik kimi yanaşmağı bacarmırıq. Təəssüf ki, tibbi maarifləndirmə işi yenə arxa plana keçib. Qaydalara daha az əməl etməyə başlamışıq. Toyda, yasda az qalır ki, camaat bir-birinin ağzının içinə girsin. Hətta maskanı belə qaydaya uyğun taxmırıq. Diqqət edirəm, metroda 10 adamın ən azı 6-sı maskanı çənəsinə keçirir. Aydın məsələdir ki, belə olduğu halda yoluxma sayı da artacaq.

Mən həmişə sərt qadağaların əleyhinə olmuşam. Yenə o fikirdəyəm ki, qadağalar bizim içimizdə olmalıdr. Biz öz azadlıqlarımıza müəyyən məhdudiyyətlər tətbiq etmədikcə virus meydan sulayacaq. Virusun nə qədər təhlükəli olduğunu anlamaq üçün əzizlərimizdən birinin qurban getməsini gözləməməliyik. Çünki o vaxt artıq çox gec olacaq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...