"Bu gün cüzi maddi zərərlə nəticələnən təxminən 12 yol qəza hadisəsi baş verib" - BŞBDYPİ RƏSMİSİ AÇIQLADI

"Sözsüz ki, yol və metereoloji şəraiti nəzərə almaqla sürücü hərəkət etməyə üstünlük verməlidir. Yağmurlu, yağışlı hava şəraitində sürücülər çox gözəl bilir ki, sürət həddi minimuma enir, ara məsafəsi normadan artıq saxlanılır". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, yol və metereoloji şəraiti nəzərə alan sürücü sözsüz ki, bütövlükdə tələbləri yerinə yetirir ki, yol-nəqliyyat hadisəsi baş verməsin: "Təəssüflər olsun ki, yağışlı hava şəraitində, məhz bu tələblər bəzi sürücülər tərəfindən düzgün yerinə yetirilmir, əyləc sistemindən düzgün istifadə etmir. Nəticə etibarilə yol hərəkəti haqqında qanunun tələbi pozulur deyə nəqliyyat vasitəsi sürüşərək maneəyə və yaxud da başqa nəqliyyat vasitəsinə dəyərək maddi ziyan və yaxud xəsarət yetirən yol qəza hadisəsinin baş verməsinə səbəb olur. İstənilən an hər bir sürücü yol hərəkəti haqqında qanunun tələblərinə uyğun hərəkət etməlidir ki, ən az özünün təhlükəsizliyi təmin edilmiş olsun. Eyni zamanda, bu gün səhər saatlarından yağmurlu hava şəraitinin davam etməsi ilə bağlı cüzi maddi zərərlə nəticələnən təxminən 12 yol qəza hadisəsi baş verib. Bu, o deməkdir ki, yağmurlu şəraitdə bəzi avtomobil sürücüləri düzgün sürətdə sürmür, ara məsafəsini düzgün saxlamır. Ümumilikdə diqqəti yayındıra biləcək hərəkətlərin edilməsi yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə