"Qızların əksəriyyəti yaxşı ailəni maddiyyatı yüksək olanlarda görür" - CƏMİYYƏT BAXIŞI - SORĞU

Ailə qurmaq gənc yaşına çatan hər bir kəsin arzusudur. Ancaq ailə quran zaman tələsmək bu nikahın uzunömürlülüyünə heç də zəmanət vermir. Hər şeydən öncə qarşılıqlı hisslərin bütövlüyünə və səmimiyyətinə güvənmək üçün zamana ixtiyar verin. Nikah kişi və qadının qanunla qorunan bir qurum daxilində ər-arvad rollarını mənimsəyərək ömürlərini birlikdə keçirmələri, müəyyən statusa malik övladlar dünyaya gətirərək nəsillərini davam etdirmək üçün formalaşdırdıqları münasibətlər sistemidir. Bəs görəsən şəhər sakinləri evliliyə və boşanma hallarına necə baxırlar? SİA olaraq şəhər sakinləri arasında sorğu keçirdik:

Şəhər sakini Ruslan Vəliyev: “Müsbət tərəfi ondan ibarətdir ki, bu cür şirin balalar dünyaya gəlir, onların həyatımızda olması ayrıca rəng qatır. Mənfi cəhəti isə əfsuslar olsun ki, boşanmalar çoxdu, tez qərar verib yanlış insanı seçirlər və sonu da boşanma ilə bitir. Təəssüf hissi ilə bildirirəm ki, belə boşanmalar insanların sevgiyə inamını da öldürür. Həmin insanlar bir daha xoşbəxt ola bilməyəcəklərini düşünürlər. Həyatda biz nə etsək də problemlərlə üzləşirik. Əsas odur ki, hər bir şeyə pozitiv yanaşaq və həyata davam edək”.

Şəhər sakini Rəşad Mahmudov: “Əgər cəmiyyət, insanlar, inkişaf varsa əlbəttə insanlar evlənməlidir, nəsil artırmalıdır. Biz Avropa ölkələrinə baxanda görürük ki, orada insanların çoxsu evlilik etmirlər, əksəriyyəti hansısa heyvana sahiblənib, onunla yaşayır və xoşbət olduqlarını düşünürlər. Ancaq müsəlman ölkələrinin əksəriyyətində evlilik mütləq olur, nəsil davam edir və çox vaxt cütlüklərin qucağında uşaqları görürük. Bunun həm bioloji tərəfdən, həm də, sosial tərəfdən müsbət cəhətləri var. Bu barədə yeni evlilərə sual verdikdə isə onlar maddi sıxıntılarının olduğunu deyirlər, məncə bu bəhanədi. Allah o övladı verirsə, onun ruzisini də verir. Evliliyin mənfi tərəfinin olduğunu isə düşünmürəm”.

Şəhər sakini Kamil İsrafilov: “Evlilik həyatda alınan ən önəmli qərarlardan biridir. Gərək həyat yoldaşını elə seçəsən ki, onun hər xarakterini, davranışlarını qəbul edə biləsən. Bu da zaman tələb edir ki, qadın və kişi bir-birini az da olsa yaxından tanımalıdı. Lakin, indiki gənclər bu məsələyə laqeyd yanaşırlar, evliliyi oyuncaq bilirlər ki, bu da boşanmalara səbəb olur. Evliliyin müsbət və mənfi cəhəti yoxdur. Evlilik evlilikdir, iki insanın həyatını birləşdirməsidir. Bunun pis və yaxşı cəhətləri isə sadəcə fərziyyədir. Kim özünə nəyi sərf edirsə bunu müsbət, sərf etmirsə mənfi bilir”.

Şəhər sakini Elvin Məmmədov: “Mən hələki evlənmədiyimə görə evlilik barədə çox da məlumatım yoxdu. Ancaq mənim fikrimcə, ideal evlilikdə cütlüklərin bir-birinə qarşılıqlı hörməti mütləqdir. Çünki, xoşbəxt evliliklərin təməli hörmət üzərində qurulur. Əfsuslar olsun ki, mən görürəm ki, kişi və qadın bir mübahisə olan kimi anında münasibəti bitirmək istəyir və qarşısındakı şəxsi dinləmək belə istəmir. Düşünürəm ki, boşanmaların səbəbi də elə məhz bu səbəbdən baş verir. Cütlüklər ən azından aradakı hörməti qoruyub saxlasalar və bir-birlərinin fikirlərinə sayğı duysalar evlilikləri də ideal olar”.

Şəhər sakini Osman Rzayev: “O dövrdə bir oğlan bir qızı sevdikdə və onunla danışdıqda onların münasibəti mütləq evliliklə nəticələnirdi. Lakin indi sevgi deyilən hissin varlığı belə bilinmir. Çünki, hər kəs hər qarşısına çıxanı görüb bəyənir və onunla münasibət qurur, bunu da sevgi zənn edir. Belə “sevgi”dən yaranan evliliklərin də sonu hüsran olur. Sevgi hissi o qədər adiləşib ki, bu xoşlanmaqla qarışdırılır. Məncə gənclər evliliyi yanlış anlayırlar və yaxud bunu onlara valideynləri düzgün başa salmır. Boşanmaların böyük səbəbi isə valideynlərin verdiyi tərbiyədən qaynaqlanır. Biz yaxşı valideyn olmalıyıq ki, övladlarımız da yaxşı valideyn olmağı bizlərdən öyrənsinlər”.

Şəhər sakini Samir Cəfərov: “Evli olmadığıma görə evliliyin necə bir həyat olduğunu bilmirəm. Ancaq evli olan tanışlarımın çoxusu xoşbəxt deyillər. Düşünürəm ki, evliliyə çox ciddi yanaşmalıyıq. Dünyaya gələn uşaqların gələcəyi valideynlərin əlindədi. Onların tərbiyyəsi, gələcəyi valideynlərin üzərinə düşən böyük vəzifədir. Evlənmədən öncə də bu kimi məsuliyyətləri göz önünə gətirmək də şərtdir”.

Şəhər sakini Elmir Soltanov: “Fikrimcə, evlilik təkcə eyni evdə yaşamaqdan ibarət deyil. O evin içində baş verən hadisələr evin aynasıdır. Yaxşı evlilik həyatı hər iki cinsdən asılıdır, iki tərəf də yola verməyi bacarmalıdı. Belə deyək, yaxşı anların xatirinə pis hadisələri unutmaq lazımdı. Əgər belə olmasa, cütlüklər bir-birini anlamağa və dinləməyə çalışmasa evliliyin uzunömürlülüyü azalacaq və bitəcək. Məncə evliliyin pis tərəfi çox da yoxdur. Yaxşı tərəfi isə iki sevən bir-birləri ilə həyatlarını birləşdirir və onların həyatını rəngləndirən övladları dünyaya gəlir, bu da bir valideyn üçün ən böyük xoşbəxtlikdir”.

Şəhər sakini Rəvan Əhmədov: “Ailə kiçik bir dövlətdir, onun dəyərini ailəsinə sadiq cütlüklər anlayar. Mən evli bir şəxs kimi deyə bilərəm ki, indi gənclərin, əsasən qızların əksəriyyəti yaxşı ailəni maddi durumu yüksək olan oğlanlarla münasibət qurmaqda görürlər. Bu da özlüyündə evlilikdə verilən ən yanlış qərarlardan biridir. Məncə evliliyi maddiyyatla əlaqələndirməsək daha yaxşı olar. Boşanmaların səbəbinin çoxunun da maddiyyatla bağlı olduğunu düşünürəm”.

Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə