Məktəbi ön cəbhəyə dəyişən şəhid müəllim

Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələnlər sırasında müəllimlər də oldu. Məktəbi döyüş meydanına dəyişərək şəhid olan vətənpərvər müəllimlərimizdən biri də Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbin fiziki tərbiyə müəllimi Vəliyev Vüqar Emin oğludur.

SİA xəbər verir ki, Ağdam rayon Qaradağlı kənd mədəniyyət evində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Vəliyev Vüqar Emin oğlunun anım tədbiri keçirilib. Şəhid ailələrinin üzvlərinin, mədəniyyət və təhsil işçilərinin, məktəblilərin və ictimaiyyət nümayəndələri iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qaradağlı kənd mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva, Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşı Farid Muradov, kənd icra nümayəndəsi Mehman Məmmədov və başqaları tədbirdə çıxış edərək, 44 günlük Vətən müharibəsindən, Azərbaycan ordusunun qazandığı şanlı qələbədən, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışıblar. Şəhidlərimizin şərəfli ömür yolunun gələcək nəsillər üçün hər zaman örnək olacağı bildirilib, şəhid Vüqar Vəliyevin həyat və döyüş yolundan, döyüşlərdə göstərdiyi şücaətdən, Vətən sevgisindən geniş söhbət açılıb.

Məlumat verilib ki, Vüqar Vəliyev Ağdam rayonunun Rzalar kəndində anadan olub. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunu olan Vüqar 2017-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində uğur əldə edərək pedaqoji fəaliyyətə başlayıb. Cəmi bir il müəllimlik edən Vüqar Vətən müharibəsi başlayanda məktəbi döyüş meydanına dəyişib. Strateji yüksəkliklərin azad olunmasında rəşadətlə döyüşüb. Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Prezidentinin Sərəncamlarına əsasən Vüqar Vəliyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin anası Gülzadə Vəliyeva tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib, dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə razılığını ifadə edib.

Tədbirdə şagirdlər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə