Sərhədçilərin anım tədbirləri davam etdirilir

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri davam edir. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, şəhid kapitan Cəmiyev Aşur Bəybala oğlu, baş gizir Yusifli Azər Nazim oğlu, kiçik gizirlər Namazov Elcan Hidayət oğlu, Paxırov Elsevər Eyvaz oğlu, Şıxıyev Səyyad Abdul oğlu, Məmmədli Əşrəf Elman oğlu, Tağıyev Şahin Rəhim oğlunun anım mərasimlərində iştirak edən DSX-nin rəhbər heyəti, ictimaiyyətin nümayəndələri şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül çələngi qoyublar.

Mərasimlərdə iştirak edənlər torpaqlarımızın azad olunması uğrunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılmış tarixi Qələbədən danışıb, döyüş meydanında xalqımızın qəhrəmanlıq ənənələrini davam etdirən şəhidlərimizin qanlarını və canlarını yurdumuzun bütövlüyü naminə fəda etdiklərini vurğulayıblar.

Müqəddəs savaşda xalqımıza Zəfər sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman sonsuz ehtiram və minnətdarlıqla anılacağı, onların qoyduğu fədakarlıq və şücaət mirasının gələcək nəsillərə örnək olacağı qeyd edilib.

Şəhidlərin ailə üzvləri Azərbaycan dövlətinin torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi, ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə