Füzuli şəhərinin azad olunmasının əhəmiyyəti - MƏQALƏ

17 oktyabr 2021-ci il tarixində Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir. Görüş zamanı Prezident bildirdi ki, şanlı Azərbaycan ordusu ötən ilin bu günü Füzuli şəhərini işğaldan azad etmişdir. Vətən müharibəsində Füzulinin azad edilməsinin əhəmiyyəti böyük idi. Odur ki, şəhər ətrafında çox şiddətli, qızğın döyüşlər gedirdi. Düşmənin güclü müqavimətinə baxmayaraq, rəşadətli ordumuz öz tarixi missiyasını uğurla başa vurdu.

Füzuli şəhərinin strateji əhəmiyyəti də böyükdür. Bura azad edildikdən sonra Azərbaycanın incisi olan Şuşa istiqamətinə irəliləmək üçün daha böyük imkanlar yarandı. Düşmən işğal dövründə ən çox bu istiqamətdə möhkəmlənmişdi. Füzulinin işğaldan azad edilməsi düşmənin müqavimətini qırdı. Təsadüfi deyil ki, buranın azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Tezliklə Zəngilan, bir neçə gün sonra Qubadlı, Laçın dəhlizi azad edildi və müharibənin taleyi həll edildi.

Müharibə zamanı uğurlu əməliyyatlarımız da elə Füzuli rayonundan başlamış, müharibənin ilk günündə rayonun bir neçə kəndi azad edilmiş, ordumuzun Zəfər missiyası buradan başlamışdır.

Prezident qeyd etdi ki, İkinci Qarabağ müharibəsi əbəs yerə Vətən müharibəsi adlandırılmamışdır. Müharibə zamanı hər kəs, hər bir Azərbaycan vətəndaşı öz işləri ilə, əməyi ilə qələbəni yaxınlaşdırırdı. Xalqımızın həmrəyliyi, birliyi, qələbəyə inamı, dəstəyi olmasa idi, müharibəni belə gözəl nəticələrlə başa vurmaq çətin olardı.

İşğaldan azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, insanlar öz evlərinə, doğma kəndlərinə, evlərinə geri qayıdacaqlar. Ötən bir il ərzində şəhər və kəndlərimizin bərpası ilə bağlı böyük işlər görülüb. Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır.

Ötən illər ərzində Prezident dəfələrlə Füzuli rayonunun Azərbaycanda olan hissəsində olduğunu, bərpa-quruculuq işlərinə şəxsən özünün nəzarət etdiyini söylədi. Qeyd etdi ki, bu müddət ərzində 24 məktəb, 2 xəstəxana, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Muğam Mərkəzi tikilmiş, fərdi evlərin bərpası işləri görülmüşdür.

İşğal bitdikdən sonra icra olunan layihələr Azərbaycanın gücünü göstərir. Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib ki bu da dünya praktikasında, dünya tarixində minalanmış ərazidə belə qısa müddətə hazır olan, bəlkə də, ilk hava limanıdır.

Prezident İlham Əliyev ictimaiyyət nümayəndələri ilə görüşdə, həmçinin "Ağıllı kənd" konsepsiyasına toxunaraq Dövlətyarlı kəndində bu konsepsiya əsasında böyük yaşayış məntəqəsinin salınacağını bildirdi. Qeyd etdi ki, özündə beş kəndi birləşdirən bu layihə gələn ilin sonuna qədər hazır olacaq və keçmiş köçkünlərin sərəncamına veriləcək.

Füzuli şəhəri də, kəndləri də, işğaldan azad edilmiş digər torpaqlarımız da ən qısa zamanda çiçəklənəcək, buraya həyat qayıdacaq. Görülən işlərin hamısı dövlət vəsaiti hesabına edilir.

Bütün bunlar Azərbaycan xalqının yaxşı yaşamağı üçündür. Dövlətin öz vətəndaşına göstərdiyi qayğının göstəricisidir.

Müstəqillik tarixinə də toxunan Prezident bildirdi ki, 30 il əvvəl bütün sovet müttəfiq respublikaları kimi Azərbaycan da öz müstəqilliyini elan etmişdir. Yaranmış yeni Respublika, əslində, Azərbaycan Xalq Cümhuriyyətinin varisi idi. Odur ki bizim Müstəqillik Günümüz 28 May hesab edilməlidir. Çünki məhz həmin tarixdə Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti yaranmışdır. 18 oktyabr 1991-ci ildə isə müstəqilliyimiz bərpa edilmişdir.

Bu günə kimi aparılmış uğurlu siyasət və gələcəyə doğru atılan düşünülmüş addımlar hesabına vətəndaşlarımızın tezliklə öz doğma torpaqlarına qayıdacağına, dövlət müstəqilliyimizin heç vaxt sarsılmayacağına, birliyimizin, gücümüzün əbədi olacağına inanırıq.

Seyran Cəfərli

Xəzər rayonu, 237 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə