"Füzuli rayonu artıq yeni mərhələyə qədəm qoyur" - ŞƏRH EDİLDİ

"Füzuli rayonunun uzun müddət işğalda olan əraziləri, o cümlədən Füzuli şəhəri ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb. Bu gün əslində Füzuli şəhəri, eyni zamanda uzun müddət işğal altında olan kəndləri xarabalığa çevrilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, praktiki olaraq bu gün Füzuli şəhərində salamat hər hansı bir bina qalmayıb: "Ermənilərin dağıtdığı və xarabalığa çevirdiyi Füzuli şəhəri artıq ölkə Prezidentinin rəhbərliyi ilə yenidən qurulur. Şəhərin təməlqoyma mərasiminin keçirilməsi də ondan xəbər verir ki, Füzuli şəhəri yenidən daha müasir standartlara uyğun formada və ağıllı şəhər prinsipinə uyğun olaraq yenidən canlanacaq. Rayon strateji baxımdan Qarabağın vacib bölgələrindən biridir. 44 günlük savaşda Füzuli şəhərinin işğaldan azad olunması müharibənin sonlandırılmasında və zəfərimizin əldə edilməsində xüsusi əhəmiyyətə malik oldu. Bu baxımdan artıq işğaldan azad olunmuş ərazilərimizdə yeni mərhələ başlayır. Füzuli şəhərində inşa edilən beynəlxalq hava limanı nəticə etibarilə həm Füzulini Qarabağın hava qapısına çevirir, həm də bütövlükdə işğaldan azad olunmuş ərazilərimizin potensialından istifadə edilməsinə imkan yaradır".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, artıq Füzuli şəhərində nəqliyyat və loqistik infrastrukturu formalaşıb: "Yalnız beynəlxalq hava limanı deyil, eyni zamanda Füzulidən Şuşaya qədər çəkilən və istismara hazır olan Zəfər yolu, Füzuli-Hadrut, Füzuli-Zəngilan və dəmir yolu xətlərinin çəkilməsi ondan xəbər verir ki, Füzuli rayonunda kifayət qədər yeni infrastruktur formalaşıb. Nəqliyyat və loqistik infrastrukturu həm də rayonun deyil, bütövlükdə bölgənin inkişafı baxımından vacib hesab olunur. Digər tərəfdən nəzərə alsaq ki, Füzuli rayonu həm də formalaşmış infrastrukturla Cəbrayıl və Zəngilan vasitəsilə Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bu da təbii ki, beynəlxalq yükdaşımaların, həm də bütövlükdə regionun inkişafı baxımından vacib istiqamətlərdən biri kimi qiymətləndirilir. Artıq cənab Prezident tərəfindən təsdiq olunmuş layihələr və əsası qoyulmuş şəhər və digər vacib infrastruktur proqramlarında həm də iş yerlərinin yaradılması əsas prioritet məsələlərdəndir. Füzuli şəhəri işğaldan azad olunmuş ərazilərimizin ikinci ən böyük şəhəri olacaq. 50 minlik sakini olan Füzuli şəhərində sənaye və eləcə də xidmət, aqrar sektorda istehsal sahələri formalaşıb. Bir sözlə Füzuli rayonu artıq yeni mərhələyə qədəm qoyur".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə