Peyvənd olunmaq məcburidir yoxsa yox? - AYDINLIQ GƏTİRİLDİ

“Pandemiyadan qorunmağın 3 əsas qızıl şərtlərinə, yəni tibbi maska taxmağa, məsafə saxlamağa və əllərin dezinfeksiyaedici məhlullarla təmizlənməsinə riayət etmək vacibdir.” Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə pandemiyaya qarşı mübarizənin yeganə yolu vaksinləşmədir: "Bu gün müasir texnologiyanın imkanlarından istifadə edərək qısa zaman kəsiyində vaksinlər hazırlanıb. Artıq dünyada ayrı-ayrı şirkətlərin vaksinləri hazırlanır və bu gün uğurla tətbiq olunur. Koronavirusa yoluxanların və ölənlərin sayı həddindən artıq ola bilərdi. Amma vaksinasiya bu prosesin qarşısını alır, virusun yüngül keçməsinə kömək edir. O cümlədən əhalimizin sağlamlığının qorunması üçün möhtərəm cənab Prezidentimiz bir sıra tədbirlər görür. Vaksinlərin belə bir xüsusiyyətləri var ki, onlar hansısa bir ştamma qarşı müəyyən bir dövr üçün qüvvədə olur. Yeni ştammlar üçün o vaksinin müxtəlif molekulları dəyişdirilir və yeni vaksin növü hazırlanır. Onun zülal zəncirində, digər molekulyar xüsusiyyətlərində olan dəyişikliklər əsasında bu ştammlara uyğun vaksinlər hazırlanır. Ancaq bu dəfəki pandemiya mövcud olan vaksinlərdən istifadə etmək zərurətini yaradır. Yanvar ayından etibarən başlayan vaksinləşmə prosesi uğurla həyata keçirilir və əhalinin çox böyük faizi vaksinləşmə prosesinə cəlb olunub. Ancaq qüvvətləndirici dozanın vurulması mövcud reallığı özündə əks etdirən ən vacib məqamlardan biridir. Ona görə ölkəmizdə üçüncü dozanın tətbiqinə artıq başlanıb və deyərdim ki, vaksinləşmə prosesi üçün həm könüllü olaraq, həm də qanunların müəyyən etdiyi şərtlərə cavab verən tələblər əsasında aparılır".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, qapalı yerlərə giriş, səyahət zamanı, xəstəxanalara giriş və ya digər bir məqamlarda, kütləvi tədbirlərdə, toylarda covid-19 pasportunun tələb olunması da vaksinləşmə prosesinin sayını artırıb: "Bu işin təşkili üçün həm Bakı şəhərində, həm də rayonlarda xüsusi təbliğat qrupları yaradılıb. Könüllülər, fəal insanlar bu işə cəlb olunub. Hələ pandemiyanın nə qədər davam edəcəyini bilmədiyimiz üçün üçüncü dozanın tətbiqinin vacib olduğunu qeyd edirlər. Əslində bugünkü statistika heç də ürək açan deyil. Bildiyimiz kimi payız mövsümündə bəzi mövsümi xəstəliklərin xüsusən də qrip və soyuqdəymənin olması orqanizm immunitetinin aşağı düşməsi və bəzi virusların, mikrobların artması üçün münbit şərait yaradır. Bunun üçün biz statistik rəqəmlərin artacağını artıq indidən görürük. Bu gün ölkəmizdə, ayrı-ayrı təhsil müəssisələrində, məktəblərdə lokal olaraq yoluxma sayının çoxalması və bəzi universitetlərdə qrupların distant təhsilə keçməsi artıq payız mövsümünün rahat keçməcəyini xəbər verir. Bunun üçün də virusdan qorunmaq lazımdır. Ən vacib qorunma yolu isə təbii ki, vaksin olunmaqdır. Təbii ki, burada artıq söhbət üçüncü dozadan gedir. Hesab edirəm ki, bu ölkəmizdə mütəşəkkil qaydada aparılır. Bütün səhiyyə müəssisələri vaksinləşmə prosesinə cəlb olunub".

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...