Səhifələrin hər biri saxtadır və məqsəd cəmiyyətdə çasqınlıq yaratmaqdır - DİQQƏT! - ELŞAD HACIYEV DETALLARI AÇIQLADI

Səhifələrin hər biri saxtadır və məqsəd cəmiyyətdə çasqınlıq yaratmaqdır - DİQQƏT! - ELŞAD HACIYEV DETALLARI AÇIQLADI

Son aylarda əhali arasında yeni narkotik vasitə, “patı” adı ilə tanınan metamfetaminin geniş yayılması və əvvəlki ilə müqayisədə daha ucuz olması ictimaiyyətdə narahatlıq yaradıb. Çünki ucuz olması daha çox insanın bu bəlaya düçar olmasına zəmin yaradır. Deyilənlərə görə, bu bəlaya daha çox gənc nəsil düçar olur. Məlumatlarda qeyd olur ki, bu narkotik maddənin yaratdığı psixoloji düşkünlükdən sonra gənclərdə intihara meyillilik artır. Hətta iddia olunur ki, son zamanlar daha çox diqqət çəkən gənc və yeniyetmələrin intiharları arxasında bu cür nakotik satışını edən şəbəkələr dayanır.

Maraqlısı ondadır ki, bir çox sosial şəbəkələrdə açıq-aşkaranə bu narkotikin satışı həyata keçirilir. Təkcə “İnstagram” sosial şəbəkəsində yüzlərlə “Patı” adına səhifələrə rast gəlmək olur. Həmin səhifələrdə paylaşımlar edərək müştəri cəlb edilir, insanlarla ünsiyyət qururlar, bəzi hallarda pulsuz “patı” təklif edirlər. Məqsəd isə həmin şəxsləri aludəçiyə çevirməkdir.

Bəs bu kimi hallar qarşı Daxili İşlər Nazirliyi hansı işləri həyata keçirib və bundan sonra da keçirməyi nəzərdə tutur? Məsələ ilə bağlı SİA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bunları deyib: “Narkotik vasitələrinin dövriyyəsi ilə əlaqəli istənilən yerdə, sosial şəbəkələrdə, xüsusən bununla bağlı daxil olan, araşdırılan, yoxlanılan və ayrı-ayrı sosial şəbəkə üzvlərindən, vətandaşlardan daxil olan məlumat xarakterli müraciətlər dərhal nəzarətə götürülərək araşdırılır. Sosial şəbəkə seqmentlərində yoxlanılan, aparılan araşdırmalarla müəyyən olunub ki, ayrı-ayrı sosial şəbəkə seqmentlərində narkotik vasitələrin açıq satışı deyilən, paylaşılan həmin o səhifələr saxtadır. Həmin səhifələr xaricdən idarə olunan ayrı-ayrı narkoşəbəkələr tərəfindən cəmiyyətdə çaşqınlıq yaratmaq üçün yaradılmış səhifələrdir. O səhifələrin heç birindən narkotik alış-verişi, satışı müəyyən edilməyib.

Sosial şəbəkə seqmentlərində yalnız narkotik vasitələrin satışında, onun dövriyyəsində maraqlı olan şəxslər (hansı ki, bunlar xaricdən idarə olunur) kimisə əməkdaşlığa cəlb etmək, narkokuryerə çevirmək kimi sosial şəbəkənin imkanlarından istifadə edirlər. Ancaq sosial şəbəkələrdə xüsusi narkotik vasitələrin şəkillərini, onların ayrı-ayrı tele-kursorlarının fotoları ilə bəzədilmiş, fotoları ilə yayımlanan o səhifələrin heç birində narkotik satışı aşkar olunmayıb. Onların hər biri saxtadır və cəmiyyətdə çasqınlıq yaratmaq məqsədi ilə yaradılıb və bununla bağlı sosial şəbəkə üzvlərinə də bizim vasitəmizlə müraciət edərək bildirilir ki, həmin səhifələrin mövcudluğu və o səhifənin mahiyyətindən irəli gələn narkotik vasitələrin təbliği və satışı ilə bağlı hər biri saxtadır və həmin səhifələr vasitəsi ilə narkotik satışı həyata keçirilmir".

Aytac Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə