"Portal statistika potensialının artırılması sahəsində görülən işlərin növbəti bir nümunəsidir" - TAHİR BUDAQOV

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmaqla Azərbaycan Respublikası hasilat sənayesində şəffaflıq və hesabatlılıq üzrə beynəlxalq səyləri daim dəstəkləyib. Ölkəmiz hasilat sənayesində şəffaflığı ən yüksək səviyyədə təşviq edərək 2003-cü ildə "Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü"nə qoşulub, 2005-ci ildə dünyada ilk dəfə şəffaflıq təşəbbüsü üzrə hesabat açıqlayıb. Hasilat sənayesi üzrə şəffaflıq məsələlərinə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daim xüsusi önəm verilib, bu barədə müvafiq fərman və sərəncamlar imzalanıb”. SİA-nın məlumatına görə, bu fikirləri Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov oktyabrın 19-da keçirilən “Hasilat Sənayesində Şəffaflıq” Portalının təqdimat mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

Tahir Budaqov bildirib ki, dövlət başçısının “Hasilat sənayesində şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 5 aprel tarixli Fərmanı ilə aidiyyatı dövlət qurumlarının yüksək vəzifəli şəxslərindən ibarət Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya yaradılıb. Fəaliyyət göstərdiyi müddət ərzində Dövlət Statistika Komitəsinin nümayəndəsinin də iştirak etdiyi Komissiya hasilat sənayesi üzrə şəffaflığın təmin edilməsi məqsədilə lazımi tədbirləri həyata keçirib və bu sahədə hazırlanmış hesabatları mütəmadi dərc edərək ictimaiyyəti məlumatlandırıb.

Komitə sədri qeyd edib ki, "Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 28 iyul tarixli Fərmanı ilə hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığı və bu sahədə dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, ölkəmizdə hasilat sənayesində şəffaflıq üzrə hesabatların davamlı toplanmasını və toplanmış hesabatlar əsasında statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etmək Dövlət Statistika Komitəsinə həvalə edilib.

Onun sözlərinə görə, ötən dövr ərzində Dövlət Statistika Komitəsi hasilat sənayesində şəffaflıq üzrə hesabatların toplanması və ictimaiyyətə açıqlanmasını təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirib: “Görülmüş işlərin yekunu olaraq bu gün təqdim olunan “Hasilat Sənayesində Şəffaflıq” Portalının hazırlanması təmin edilib. Hesab edirəm ki, hazırlanmış bu portal son dövrlərdə statistika potensialının artırılması sahəsində görülən işlərin növbəti bir nümunəsidir. Bu gün təqdim edilən Portal Dövlət Statistika Komitəsinin digər informasiya ehtiyatları ilə uzlaşdırılıb və düşünürəm ki, Portal hasilat sənayesində statistik məlumatlarla ictimaiyyəti, o cümlədən dövlət qurumlarını, özəl sektoru, elm və təhsil müəssisələrini, vətəndaş cəmiyyəti institutlarını, kütləvi informasiya vasitələrinı, regional və beynəlxalq təşkilatları təmin etmək üçün əlverişli informasiya mühiti yaradacaq. Portal həmçinin hasilat sənayesinin səmərəli idarə edilməsində, bu sahədə davamlı və uzunmüddətli şəffaflıq mexanizmlərinin qurulmasında, habelə yüksək hesabatlılığın təmin edilməsində əhəmiyyətli rol oynayacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə