Qəlblərdə yaşayır, unudulmur ki…

Şəhid əsgər Elgün Aqil oğlu Mikayıllının anım mərasimi Masallıda keçirilib

Masallı rayonunun Xıl kəndində 44 günlük Vətən müharibəsinin şəhid əsgəri Elgün Aqil oğlu Mikayıllının anım mərasimi keçirilib. Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatı, Milli Məclisin deutatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilat rəhbərləri, SHXÇDX-nin Masallı rayon şöbəsinin əməkdaşları, YAP Masallı Rayon Təşkilatının fəalları, şəhid ailələri, qazilər və s. iştirak ediblər.

Masallı rayonunun icra başçısı cənab Ş.Məmmədov geniş nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qalib gəldiyi 44 günlük Vətən Müharibəsində şəhid olan qəhrəman oğullarımızdan biri olan Elgünün qəhrəmanlıq yolundan söhbət açaraq qeyd edib ki, o, təkcə Aqilin yox, indi bütöv Azərbaycanın, bütün dünya azərbaycanlılarının, hamının övladıdır. Elgünlər bizə əyilən vüqarımızı, qürurumuzu qaytardılar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin…

Elgün Aqil oğlu Mikayıllı 13 may 2001-ci ildə Masallı rayonunun Xıl kəndində anadan olub.

2007-2018-cü illərdə Əli bəy Bəylərbəyov adına Xıl kənd tam orta məktəbində təhsil alıb.

2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə nəşr olunan "Yeni həyat" qəzetinin əməkdaşı xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Elgün Mikayıllı 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşüb. İgid döyüşçü oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Xıl kənd qəbiristanlığında dəfn edilib.

Elgün subay idi...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 25 dekabr 2020-ci iul tarixli sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Elgün Mikayıllının ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Masallının rayonunun icra başçısına dərin minnətdarlığını bildirib.

...Bəli, Elgün qəlblərdə yaşayır, unudulmur ki...Nə qədər müstəqil Azərbaycan var, Elgünlər xatırlanacaq. Azərbaycan isə əbədi olacaq...

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...