DSX-nin Xüsusi Məktəbinin yaranmasından 10 il ötür

Oktyabr ayının 18-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasının 10-cu ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, bu münasibətlə təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı şəxsi heyətə çatdırılıb, hazırkı mərasimin ölkəmizin tarixi Zəfərinin ildönümü dövrünə təsadüf etməsi ilə əlamətdar olması vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəf-fər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbə qazandığı, üçrəngli bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığı, Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş bütün döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhədçilərin qəhrəmanlıq və igidlik nümunələri göstərdikləri qeyd olunub.

Heydər Əliyev Fondunun dəstəyi ilə 2011-ci ildə qurularaq istifadəyə verilmiş Xüsusi Məktəbin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətən-pərvər, bilikli, savadlı sərhədçi kadrların yetişdirilməsində əhəmiyyətli rolu qeyd olunub, tədris müəssisəsinin açılış mərasimində və 2018-ci ildə ikinci korpusunun istifadəyə verilməsi tədbirində Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın iştirak etməsinin dövlətimizin sərhəd təhlükəsizliyi məsələlərinə göstərdiyi ali qayğının göstəricisi olduğu vurğulanıb.

Fəaliyyətə göstərdiyi 10 il müddətində DSX Xüsusi Məktəbinə qəbul üçün müraciət sayının ilbəil artmasının tədris müəssisəsinin uğurlu fəaliyyətinin, yeniyetmələrdə sərhəd mühafizəsi sahəsində hərbi təhsilə marağın bariz göstəricisi olduğu qeyd edilib, Xüsusi Məktəbdə təhsil alan hər bir kursantın gələcəyin peşəkar zabiti, Vətənə layiqli övlad olacaqlarına əminlik ifadə edilib, onlara dərslərində yeni-yeni müvəffəqiyyətlər arzulanıb.

Mərasim zamanı tədrisdə göstərdikləri yüksək nəticələrə görə məktəbin pedoqoji heyəti və kursantları təltifləndiriliblər. Dövlət Sərhəd Xidmətinin mədəniyyət mərkəzinin musiqi kollektivləri tərəfindən kursantlar üçün konsert proqramı təşkil olunub.

Tədbirin sonunda Xüsusi Məktəbin kollektivi ilə xatirə fotoşəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...