Deputat Goranboy rayonunda şəhid ailələrini ziyarət edib

97 saylı Seçki Dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy rayonunun Qızılhacılı qəsəbəsində və Zeyvə kəndində Vətən Müharibəsinin hərbçi şəhidləri Elşən Kərimovun, Elxan Rəsulovun, Fuad Məhərrəmovun, Suqovuşan-Ağdərə-Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşən və Goranlı kəndində dəfn olunan İxtiyar İlqaroğlunun ailə üzvləri ilə görüşüb, onların ildönümü və üç mərasimlərində iştirak edib. SİA-nın məlumatına görə, xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla təşkil olunan mərasimlərə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri qatılıb.

Görüşlərdən öncə şəhidlərin məzarları ziyarət olunub, onların xatirəsi ehtiramla yad edilib və qəbrüstü abidələrinin önünə tər güllər qoyulub. Millət vəkili rayon rəhbərliyilə birgə həmçinin Zeyvə kəndində Şəhidlər Xatirə-Bulaq kompleksinin açılışında olub.

Səmimi şəraitdə keçən görüşlərdə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyilə Azərbaycanın şanlı qələbəsilə başa çatan Vətən Müharibəsinin ildönümünün qalib xalqımız tərəfindən qürur və fəxarət hissilə qeyd olunduğu, Dövlət Başçımızın və Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğı ilə yanaşdığı vurğulanıb.

Bildirilib ki, bilavasitə cəbhə bölgəsində yerləşən Goranboy rayonunun həmişə dövlətçiliyimizə sədaqəti ilə seçilən sakinləri müharibə dövründə fədakarlıq göstərərək qələbəmizin əldə olunmasına öz layiqli töhfələrini verib.

Belə ki, hərbi əməliyyatlar zamanı hərbi qulluqçular Elşən Kərimov, Elxan Rəsulov, Fuad Məhərrəmov və İxtiyar İlqaroğlu döyüş bölgəsində qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərimizin xidmətləri dövlətimiz tərəfində yüksək dəyərləndirilib və onlar “Vətən uğrunda” medalı ilə təltif ediliblər.

Həyatı və döyüş yolu hörmətlə xatırlanan şəhidlərin ailə üzvləri onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...