"Üçüncü günün adamı" bədii filmi nümayiş edilib - FOTOLAR

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin İtaliyada anılması ilə əlaqədar silsilə tədbirlər çərçivəsində İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi Əməkdaşlarının həyat yoldaşları Assosiasiyası (ACDMAE) tərəfindən təşkil olunan ənənəvi Film Festivalında “Üçüncü günün adamı” tammetrajlı bədii filmi nümayiş etdirilib. Azərbaycanın İtaliyadakı Səfirliyindən SİA-ya verilən məlumata görə, filmin nümayişindən öncə çıxış edən ACDMAE-nin prezidenti Milena Guarino Padula və ACDMAE Film Festivalının təsisçisi Puççi Rastrelli məhz 2017-ci ildə "Əli və Nino" filminin nümayişi ilə ACDMAE-nin Film Festivalının keçirilməsi ənənəsinin başlandığını, həmin filmin ACDMAE-nin üzvlərində və Festivala qatılanlarda Azərbaycanın zəngin tarixi və mədəniyyətinə böyük maraq oyatdığını bildiriblər. Natiqlər bu il Film Festivalının da “Üçüncü günün adamı” bədii filminin nümayişi ilə başlandığını və bunun Azərbaycan kino sənəti, eləcə də Azərbaycan həqiqətləri ilə daha yaxından tanış olmağa töhvə verəcəyindən əminliklərini bildiriblər.

Ardınca çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tədbirin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından 30 il və Vətən müharibəsinin nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasından 1 il keçməsi ərəfəsində təşkil edildiyini vurğulayıb. Müstəqilliyimizin bərpasının ilk illərində Ermənistanın hərbi işğalı nəticəsində etnik təmizləməyə məruz qalmış 1 milyondan artıq azərbaycanlıların 30 ilə yaxın doğma torpaqlarına qayıtmaqdan, öz doğmalarının məzarlarını ziyarət etməkdən belə məhrum olduqlarını bildirən diplomat ötən ilin payızında Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə onların Vətən həsrətinə son qoyulduğunu bildirib. Diplomat azad olunmuş torpaqlarımızın Ermənistanın işğalçı qüvvələri tərəfindən işğal vaxtı darmadağın edildiyini və həmin ərazilərin dünyanın ən minalanmış ərazilərindən birinə çevrildiyini bildirib və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün ərazilərin minalardan təmizlənməsi, bərpası və yenidən qurulması işlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə görülən tədbirlərdən danışıb. Diplomat nümayiş ediləcək filmin qəhrəmanınlarının hekayəsindən 30 ilə yaxın Vətən həsrəti ilə yaşamış 1 milyondan çox azərbaycanlının keçirdiyi ağır istirab və acılarının və hər an öz doğma topaqlarına qayıtmaq istəyinin nə qədər güclü olduğunu anlamağın mümkün olduğunu söyləyib.

Tədbir “Üçüncü günün adamı” bədii filminin nümayişi ilə davam edib. Tədbir iştirakçılarının böyük marağına səbəb olmuş bu film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb və Qarabağ həqiqətlərindən bəhs edir. Uzunmüddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınları dünyadan köçmüş, doğma rayonu işğal edilmiş olur. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə