YAP Pirallahı rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib - FOTO

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında ərazi partiya təşkilat sədrləri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, ilk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov bildirib ki, təxminən otuz illik işğaldan sonra Azərbaycan dövləti və ordusu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Ali Baş Komandan, dövlətimizin başçısı cənab İlham Əliyevin böyük strateji dühası və Azərbaycan xalqının mərdliyi sayəsində öz ərazilərini düşmən tapdağından azad edib. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnib. Cənab Prezident bu 44 gündə həm hərbi və siyasi, həm diplomatik və təbliğat cəbhəsində mübarizə aparıb, öz dövlətinin və xalqının maraqlarını ləyaqətlə qorudu və təmin etdi. 2003-cü ildən hakimiyyətdə olan Prezident İlham Əliyev bu illər ərzində coğrafi cəhətdən kiçik Azərbaycanın regional, hətta beynəlxalq proseslərə təsir gücünə malik olan subyekt rolunda çıxış etməsinə nail olub.

Natiq vurğulayıb ki, bütün bu nailiyyətlərin fonunda Qafqazın ən qüdrətli siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini yeniləşən və modernləşən ölkəmizin tələbləri kontekstində qurmalı, əldə olunan təcrübəyə əsaslanaraq cəmiyyətə partiyanın innovativ imicini təqdim etməlidir. Bu baxımdan YAP Pirallahı yerli təşkilatının üzərinə düşən vəzifələrdən danışan təşkilatın sədri, qarşıdakı dövrdə partiya intizamının yüksək səviyyəyə çıxarılacağını, üzvlərin uçotu, üzvlük haqları və ümumilikdə maliyyə məsələlərində şəffaflığa xüsusi diqqət ayrılacağını bildirib.

Çıxışı zamanı təşkilatın sədri yaxın günlərdə ərazi partiya təşkilatlarında hesabat konfranslarının keçirələcəyini vurğulayaraq, bu günün tələblərinə cavab verməyən ərazi partiya təşkilat sədrlərinin yeni kadrlarla əvəz olunacağını da qeyd edib.

Emil Abasov sonda ərazi partiya təşkilatlarına tövsiyələr verərək onları daha da fəal olmağa, yeni layihələrlə çıxış etməyə, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə, yeni üzv qəbulu zamanı əsasən kəmiyyətə deyil, keyfiyyətə önəm verməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...