20 oktyabr 2020-ci il... Müzəffər Azərbaycan ordusunun, rəşadətli Azərbaycan əsgərinin şanlı zəfər tariximizə öz qanı, canı bahasına yazdığı bir səhifə - qələbə səhifəsi, qəhrəmanlıq salnaməsi! Zəngilanın işğaldan azad olunduğu gün. İyirmi yeddi illik nisgilə son qoydu Azərbaycan əsgəri. Əzəli və əbədi türk yurdu olan Zəngilan işğaldan azad olundu. Əliqanlı erməni faşistlərini, uşaq qatillərini layiq olduqları şəkildə: “iti qovan kimi”, - qovduq Azərbaycan torpağından. Zəngilana ədalət günəşi doğdu, haqq-hüquq bərpa olundu. Əbədi dalğalanacaq üçrəngli bayrağımız Zəngilan torpağında da göylərə yüksəldi. Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb.

Azərbaycan xalqı, Ali Baş Komandanımız heç vaxt bu işğalla barışmadı. Xalqımızın mətanəti, İlham Əliyevin siyasi iradəsi xariqələr yaratdı. Müzəffər Ali Baş Komandanımız öz vədlərinə sadiq qaldı: “Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olrusa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsində məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başladı. Zəngilan döyüşləri Sərhəd Qoşunlarının Komandanlığı altında aparıldı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Bu gün artıq bir qarış Zəngilan torpağı belə düşmən tapdağı altında deyil.

Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi - 132 kilometr sərhəd tam bərpa edildi. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülməyə başlandı.

2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medal təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olundu. 2020-ci il dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Zəngilan rayonuna gəldilər. Prezident İlham Əliyev Zəngilan şəhərində Azərbaycan bayrağını qaldırdı. Qələbədən sonra Zəngilan rayonuna tez-tez səfər edən prezident aparılan bütün bərpa və quruculuq işlərinə bilavasitə özü nəzarət edir. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub. Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcəklər.

İşğal dövründə ermənilərin dağıtdığı yurd yerlərimizin bərpası prosesi sürətlə davam edir. İlk bərpa edilən kəndlər isə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndləri olacaq. Bu kəndlər “ağıllı” kənd pilot layihəsi çərçivəsində yenidən qurulur. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi ev tikiləcək. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemi də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, uşaq bağçası, poliklinika tikiləcək, iş yerləri yaradılacaq. Elektron idarəetmə olacaq. Zəngilandakı Ağalı kəndi Qafqazda müasir standartlara cavab verən ilk kənd kimi tarixə düşəcək. Kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılır: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri. Burada inşa edilməkdə olan 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Layihələrin icrasında Türkiyə, Çin, İsrail, İtaliya şirkətləri iştirak edir. Texnologiyalar sahəsində dünyanın ən inkişaf etmiş kompaniyalarından olan “Huawei-Azərbaycan” şirkəti Qarabağda “Ağıllı kənd” üzrə qabaqcıl texnologiyaları təmin etmək üçün ən son məhsul və texnologiyaları bölgədə yerləşdirəcək. “Ağıllı kənd” layihəsinin birinci mərhələsində Qarabağda təhlükəsiz yaşayış mühiti yaradaraq “ağıllı tədris”, “ağıllı səhiyyə” və “ağıllı kənd təsərrüfatı” sistemlərini də həyata keçirəcək.

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı mövcuddur. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.

Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunacaq hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulan Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq.

İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Vətən müharibəsinin sonunda Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpa olunması yeni iqtisadi perspektivləri yaradacaqdır. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan

Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaqdır.

Zəngilanda həyata keçirilən önəmli layihələrindən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər.

II Qarabağ müharibəsi bizim qürur, şərəf-şan tariximizdir. Döyüş meydanında əldə etdiyimiz tarixi zəfər nəsildən nəsilə danışılacaq, dastanlaşacaq, əbədiyyət qazanacaq.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizə, əsgər və zabitlərimizə dərin ehtiramımı bildirir, onlar qarşısında baş əyirəm. Bu qələbə sizin ƏSƏRİNİZDİR!

Mustafa Həsəncanov

Xəzər rayonu, 149 nömrəli məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...