Gülayə Səfərli: “Prezident hər addımında vətəndaşı düşündüyünü bir daha nümayiş etdirdi” RƏY

“Prezident İlham Əliyevin daim xalqının sosial rifahı naminə ardıcıl addımlar atması, vətəndaşların sosial təminatlarının yüksək səviyyədə həyata keçirilməsi yönündə qərarlar verməsi bir daha sübut edir ki, sosial müdafiənin gücləndirilməsi dövlətimizin prioritet siaysətinin tərkib hissəsidir”. Bu fikirləri SİA-ya "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərli bildirib. Onun sözlərinə görə, dövlət başçısının imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir ki, bu addımlar mütəmadi olaraq atılmaqdadır.

O, bildirib ki, sözügedən Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarının yumşaldılması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır və ilk növbədə aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsi onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılır: “Bu baxımdan, xüsusilə qeyd etmək stərdim ki, sosial ödənişlərdə növbəti artımlar edilməsini nəzərdə tutan bu Sərəncam vətəndaş rifahının təminatı və həssas qrupların sosial müdafiəsinin Prezident İlham Əliyev cənablarının siyasətində başlıca istiqamət olduğunu bir daha kifayət qədər ehtiva edir. Söz yox ki, ölkə rəhbərimizin bu qərarı həmçinin sosial islahatlar paketlərinin uğurlu icrası kimi qiymətləndirilə bilər. Rəqəmlər də bu reallığı əks etdirməkdədir. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə isə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib, bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əmək haqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir”.

Gülayə Səfərlinin sözlərinə görə, təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından da ciddi addımdır. “Dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunu nümayiş etdirən mühüm faktordur”, deyə "Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərli bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə