"Çiçəklənən Xarıbülbül" flaşmobu gerçəkləşib - FOTOLAR

Yeni Azərbaycan Partiyasının “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində Yevlax Rayon Təşkilatının 16 oktyabr 2021-ci il tarixdə “Çiçəklənən Xarıbülbül” flaşmob tədbiri gerçəkləşib. SİA xəbər verir ki, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək həlak olmuş şəhidlərimizin xatirəsinə həsr olunmuş Yeni Azərbaycan Partiyasının “Qarabağ Azərbaycandır” layihəsi çərçivəsində 16 oktyabr 2021-ci il tarixdə YAP Yevlax rayon təşkilatının “Çiçəklənən Xarıbülbül” tədbirini giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev qeyd edib ki, Azərbaycan xalqının əzmi və iradəsi, dövlətin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin Vətən müharibəsində misilsiz qələbəsini təmin edən ən mühüm amil oldu.

Yeni əsrin yeni Lideri, Müzəffər Sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu düşməni lərzəyə salaraq həlli mümkün olmayanı 44 gündə mümkün etdi, haqq savaşımız düşmən üzərində Zəfərlə başa çatdı.

Xalqımızın qüdrətinin və milli qürurunun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən, Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi xalqın və Ordunun cənab Prezidentə inamı və Azərbaycan əsgərinin rəşadəti, qanı bahasına əldə edilən bu Qələbə ölkəmizin yeni tarixinə Zəfər günü kimi qızıl hərflərlə yazıldı.

Böyük Qələbəni al qanı ilə gerçəkləşdirən şəhidlərimiz Ulu öndərimizin “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” arzusunu və cənab Prezidentimizin “Qarabağ Azərbaycandır” ideyasını reallaşdırdılar.

Bu günlər ölkəmizin hər bir guşəsində olduğu kimi Yevlaxda da Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyətin nümayəndələri, Yeni Azərbaycan Partiyasının fəalları, bir sözlə qədirbilən xalqımızın hər bir nəfəri əzəli və əbədi Qarabağımızın bizə qayıtmasında, torpaqlarımızın bütövlüyünün təmin edilməsində şəhid olan qəhrəman oğullarımızın xatirəsini böyük ehtiramla yad edir, ucadan-uca tutur və şəhid ailələrinin yanında olurlar.

Şəhid atası Fərman Kazımov, Vətən müharibəsi qazisi Telman Mehdiyev, Milli Məclisin deputatı İlham Məmmədov çıxışlarında qeyd etdilər ki, Zəfər gününə bizi ilhamlandıran Ali Baş Komandanın qətiyyəti, siyasi yetkinliyi, ən başlıcası isə zəkası və qüdrəti olmuşdur. Düşməndən qisas almaq arzusu ilə yaşayan Azərbaycan əsgər və zabitləri şəhidlərimizin torpaqlarımızın hər bir qarışında tökülən qanına ehtiram əlaməti olaraq, düşmən üzərində qələbə çalmağı bacardılar. 30 illik Vətən həsrətinə son qoyan şəhidlərimizin, qazilərimizin və əsgərlərimizin cəsarət və şücaəti sayəsində möhtəşəm Qələbəni əldə edən rəşadətli Azərbaycan Ordusu Xalqımızın yeni tarixinə Qızıl hərflərlə yeni “Zəfər Günü”sözlərini yazmağı bacardılar.

Malbinəsi kənd Uşaq Musiqi Məktəbinin şagirdi Nuran Həsənzadənin ifasında səslənən “Bayatı-Şiraz” muğamı ilə müşaiət olunan “Çiçəklənən Xarıbülbül” möhtəşəm flaşmob tədbiri şəhərin Heydər Əliyev meydanında gerçəkləşdi.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə