Azərbaycanda üçüncü doza peyvənd vurulacaq - EKSPERT FİKİRLƏRİ - DAHA ƏTRAFLI REPORTAJDA

Bildiyimiz kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanılıb və 70%-dən yuxarı tibb işçisi vaksinasiya olunub. 08 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb və proses uğurla davam etdirilir. Artıq tibb işçilərinin ikinci dozalarının vurulmasına başlanılıb. Ölkəmizdə vaksinasiyanın ikinci dozasının vurulması 28 gündən sonra həyata keçirilməsi qəbul olunub.

Yoluxma sayını nəzərə alaraq artıq həkimlər üçüncü doza vaksin olunmağı məsləhət görür. Koronavirusun mutasiyası nəticəsində yeni Delta variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil bir sıra ölkədə 3-cü peyvənd dozası yəni buster dozası təklif olunur. Buster peyvəndin gücləndirici dozasıdır. O, müxtəlif infeksiyalara qarşı vaksinasiyada tətbiq olunur.

Bəs, üçüncü doza nə üçün lazımdır?

Araşdırmalara görə, peyvənddən sonra bir müddət maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Peyvəndin Buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.

Peyvəndin üçüncü dozasını kimlər ala bilər?

Azərbaycanda üçüncü doza ilə peyvəndlənmə 2 doza vaksin almış bütün tibb işçilərinə, yaşı 60-dan yuxarı olanlara və immun sistemi zəif olan şəxslərə tövsiyə edilir.

Hansı peyvənd növü koronavirusa qarşı daha təsirlidir?

Xəstəliyi olan insanlar birinci aydan başlayaraq tək doz “BioNTech” vaksininin tətbiqi ilə yüksək səviyyədə immun reaksiyanın meydana gəldiyini göstərən işlər var. Daha az məlumat olsa da, xəstəliyi olan insanlara iki doz “Sinovak” peyvəndinin verilməsinin də yüksək toxunulmazlıq təmin etdiyi göstərilmişdir. Bununla birlikdə, Delta variantının yayılmasının qarşısını almaq və mövcud məlumatlarla yeni variantların ortaya çıxmasının qarşısını almaq üçün “BioNTech” peyvəndi 3-6 aydan sonra xəstəliyi olanlara tətbiq etmək daha rasional görünür.

Mövzu ilə bağlı Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli SİA-ya açıqlamasında bildirib ki, üçüncü doza yəni Buster doza möhkəmləndirici dozadır: “Yəni bu immuniteti müəyyən bir zaman keçdikdən sonra iki doza almış insanlarda immunitetin antitel səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Bu da yoluxma ehtimalını bir qədər artırır. Bu baxımdan Buster dozanın olması vacibdir. Burada əsas məsələ odur ki, Buster dozanı ilkin variantda risk qrupunda olan insanlarla sıx təmasda olan peşə sahiblərinə, xüsusilə də həkimlərə, 60 yaşdan yuxarı risk qrupuna daxil olan insanlar nəzərdə tutulur. Təbii ki, digər şəxslərin də üçüncü doza vaksin olmasına heç bir maneə yoxdur. Vaksinasiya prosesinə diqqət yetirdikdə isə həqiqətən də hal-hazırda vaksinasiya prosesinin geniş vüsət aldığını görə bilərik. Artıq kifayət qədər vaksinasiya olunmuş insanlarımızın olduğunu müşahidə edirik. Bu çox uğurlu nəticədir. Hal-hazırda gündəmdə olan məsələ yeniyetmə yaşlarda olan uşaqların vaksinasiya olunması məsələsidir. Biz bu prosesləri uğurla yekunlaşdırdıqdan sonra artıq pandemiya ilə mübarizənin müsbət nəticələrini görə biləcəyik”.

Mövzu ilə bağlı həkim-infeksionist Namiq Nəbiyev fikir bildirib: “Artıq bir aya yaxındır ki, bizdə də üçüncü doza vaksin vurulması prosesi başlayıb. Əsasən risk qrupuna aid olanlar və 50 yaşdan yuxarı olanların vurdurması məsləhət görülür. Ancaq üçüncü dozaya qədər ikinci dozanın vurulması məsləhətdir ki, bu çoxalmanın qarşısı alınsın. Düşünürəm ki, buster vaksinin effekti yaxşı olacaq. Buster vaksinini əvvəlki vaksinlərdən üstünlüyü odur ki, onun mutasiya olunması çox gec olur ki, bu da insanlarda uzun müddət imunitet zəncirini qoruya bilir".

SİA mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənməyə çalışıb:

Paytaxt sakini Asif Quliyev: “Artıq iki ildir ki, hər kəs pandemiyadan əziyyət çəkir. Bir gənc olaraq bacardığım qədər gigiyenik qaydalara əməl edirəm. Lakin günün statistikasına baxdıqda görürük ki, yoluxma sayı gündən-günə daha da artmaqdadır. Görünür ki, bəzi vətəndaşlarımız həmin qaydalara riayət etmir, vaksin olunmur”.

Paytaxt sakini Fidan Qarayeva: “Bütün dünyanı pandemiya 2 ildir ki, cənginə alıb. Bəzi insanlar hələ də bunun fərqində deyil. Bu gün dövlət kifayət qədər profilaktik tədbirini görür. Ölkəyə fərqli növlərdə vaksinlər gətirilir. Lakin insanlar vaksin olunmur. Bu da yoluxmanın daha da artmasına səbəb olur. Mən iki doza vaksin olmuşam. Üçüncü doza vaksini də vurduracam”.

Paytaxt sakini Davud Muradov: “İki doza vaksin olmuşam. Üçüncü doza da olmaq fikrindəyəm. Çünki nə qədər çox insan vaksin olunsa, yoluxma sayı da bir o qədər sürətlə azalar. Bugünkü gündə dövlət bu məsələ barədə əlindən gələni edir. Biz vətəndaşların da dövlətin qoyduğu qaydalara riayət etməyə borcluyuq”.

Paytaxt sakini Sona Şıxəmirli: “Təzəlikcə hər şey qaydasına düşürdü. Əvvəlki həyatımıza qayıdırdıq. Lakin son vaxtlar yenə yoluxma sayı artıb. Mən çalışdığım qədər gigiyenik qaydalara riayət edirəm. Belə getsə yenidən qapanmalar baş verəcək. Dövlətimiz də bu yoluxmanın qarşısını almaq üçün əlindən gələni edir. Biz də bunun fərqinə varmalıyıq və özümüzü qorumalıyıq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə