“MOBİLAZE 2 layihəsi”nin açılış mərasimi olub

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzlə (MSİBM) birgə həyata keçirilməsi nəzərdə tutulan “MOBİLAZE 2 layihəsi” Azərbaycanda Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək verməklə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında miqrasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə yönəlib. SİA-nın məlumatına görə, Miqrasiya tərəfdaşlığı üzrə onlayn formatda həyata keçirilən beynəlxalq konfransda Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov “Miqrasiya və yerdəyişmə sahəsində Avropa İttifaqı ilə əməkdaşlığın prioritetləri” mövzusunda açılış nitqi ilə çıxış edib. Artıq ənənə halını alan və müxtəlif maraqlı tərəfləri bir araya toplayan konfransın miqrasiyanın daha yaxşı idarəedilməsi üçün beynəlxalq əməkdaşlığa töhfə verəcəyinə əminliyini bildirən Vüsal Hüseynov Covid-19 pandemiyasının dünyada və Azərbaycanda miqrasiya proseslərinə də mənfi təsir göstərdiyini bildirib. Qarşıya çıxan çətinliklərin aradan qaldırılması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya proseslərinin sadələşdirilməsi istiqamətində xeyli işlərin görüldüyünü ifadə edib. Vüsal Hüseynov Vətən Müharibəsi nəticəsində Müzəffər Ordumuzun şücaəti ilə işğaldan azad olunan ərazilərdə aparılan yenidənqurma işlərinin istər yerdəyişmə üzrə, istərsə də ümumilikdə sosial-iqtisadi sahə üzrə inkişafa şərait yaradacağını bildirib. Avropa İttifaqı ilə sıx əməkdaşlıq çərçivəsində readmissiya və vizaların sadələşdirilməsi ilə bağlı imzalanmış sazişlər, “RESTART” layihəsi, Praqa və Budapeşt prosesləri barədə danışan Xidmət rəisi “MOBİLAZE 2” layihəsinin də miqrasiya sahəsində əməkdaşlığa töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Xarici İşlər Nazirliyinin Humanitar və Sosial Məsələlər İdarəsinin rəisi Şəfa Qasımova isə çıxışında Azərbaycan və Aİ arasında yüksək səviyyəli dialoq, miqrasiya və yerdəyişmə sahəsində əməkdaşlıq barədə danışıb.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Michalko və MSİBM-in Miqrasiya Dialoqları üzrə direktoru cənab Martijn Pluim Azərbaycan və Aİ arasında əməkdaşlığın tarixi, görülən işlər, gələcək əməkdaşlıq planları barədə ətraflı məlumat veriblər.

Daha sonra MSİBM-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional meneceri xanım Violeta Wagner, MSİBM-in Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Səltənət Məmmədova, DMX-nin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Ülvi Əliyevin “MOBILAZE 2” layihəsi nin əsas məqsəd və vəzifələri, layihənin tematik sahələri və komponentləri, Regional əməkdaşlıqlar vasitəsilə miqrasiya idarəçiliyi sahəsində bacarıqların formalaşdırılması mövzularında təqdimatları olub.

Sonda Gürcüstanın Miqrasiya Məsələləri üzrə Dövlət Komissiyasının İcraçı katibi cənab George Jashi, Ukrayna Dövlət Miqrasiya Xidmətinin rəis müavini cənab İvan Dvoilenko, Moldova Daxili İşlər Nazirliyi yanında Miqrasiya və Sığınacaq İdarəsi İnteqrasiya və Yerləşmə şöbəsinin rəisi xanım Tatyana Ciumasın “Miqrasiya siyasətindən miqrasiya idarəçiliyinə - nəzəriyyə və region ölkələrinin təcrübələri” mövzusunda çıxışları dinlənilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə