ASK-nın bu ölkələr üzrə nümayəndəsi təyin olundu

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Misir Ərəb Respublikası, Səudiyyə Ərəbistan Krallığı və Sudan Respublikası üzrə nümayəndəsi təyin edilib. SİA-nın məlumatına görə, bu ölkələrdə Konfederasiyanı tanınmış iş adamı Ceyhun Xəlilov təmsil edəcək.

Məlumat üçün qeyd edək ki, Ceyhun Xəlilov 20.06.1984-cü ildə Bakı şəhərində anadan olub.

2000-2005-ci illərdə Bakı İslam Universitetinin Şərqşünaslıq fakultəsini bitirmiş və 2006-2012-ci illərdə Misirin paytaxtı Qahirədə yerləşən Əl-Əzhər Universitetinin Dilçilik və Tərcümə ixtisasları üzrə təhsil alıb.

Daha sonra, 2014-2018-ci illərdə Misirdə fəaliyyət göstərən EDA universiteti tərəfindən tədris edilən Xarici Ticarət fakültəsini bitirib.

C.Xəlilov əmək fəaliyyətinə 2011-ci ildə “Red Line Shipping” şirkətində başlayıb və hazırda həmin şirkətdə İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərir. Bununla yanaşı, “Egypt Azerbaijan Export”; “Bazaar Stone” və “Elite Trading” şirkətlərinin təsisçisi və direktorudur. 2018-ci ildən isə “Global Contracting & Supplies” şirkətinin baş menecer vəzifəsində çalışır.

C.Xəlilov bir çox qonşu ölkələr – Liviya, Livan, Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri ilə sıx əməkdaşlıq əlaqələri çərçivəsində fəaliyyət göstərir və bir çox xeyriyyəçilik aksiyalarında fəal iştirak edir, Azərbaycan diasporunun fəal üzvlərindən biridir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə