Erməni terroru bəşəri bəlaya çevrilir - TƏHLİL

Erməni terroru bəşəri bəlaya çevrilir - TƏHLİL

Neft dünyada əsas amildir. Bu mənada, neft ölkəsi olan və Bakı-Tbilisi-Ceyhan kimi qlobal bir layihəni reallaşdıran Azərbaycan neft amilindən təzyiq və təsir vasitəsi kimi istifadə etməklə istənilən milli maraqlarını həll edə bilər. Ancaq görünən ondan ibarətdir ki, Azərbaycan neft amilindən siyasi məqsədlər üçün istifadə etməyib. Öz gücünə arxalanmaqla problemlərini, o cümlədən, 30 il erməni işğalı altında olmuş torpaqlarını 44 günlük Vətən müharibəsində həll etdi.

Artıq münaqişə bitib, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Nəzərə almaq lazımdır ki, yalnız ABŞ neftə olan ehtiyacının 55 faizini idxal vasitəsilə, 45 faizini isə özü ödəyir. ABŞ ildə 680 milyard ton neft alır. Özü isə ildə cəmi 1 milyard ton neft istehsal edir. Ümumi rəy ondan ibarətdir ki, ABŞ dünya neftinin 26 faizinin alıcısıdır. Ona görə də, neftlə bağlı ərazilər, xüsusilə də, dünya neft ehtiyatlarının 62 faizinin cəmləndiyi Fars körfəzi ABŞ üçün həyati əhəmiyyət daşıyan zonadır. Bu baxımdan, Azərbaycan ABŞ-ın maraqları daxilindədir. Amma etiraf olunmalı bir həqiqət var ki, ABŞ üçün əsas hədəf maraqlardır. Onlar açıq şəkildə qeyd edirlər ki, bizim maraqlarımız bütün dünyanı əhatə edir. Onu da əlavə edirlər ki, bizim həm həyati maraqlarımız, həm də ümumi maraqlarımız var. O yerdə ki, bizim həyati maraqlarımız var, o yerlə bağlı bəyanatlar verir, çıxışlar edir və müəyyən hadisələri pisləyirik. Bunlar effekt vermədikdə, güc tətbiq edirik. Ümumi maraqlarımız olan yerdə isə biz çıxış edirik, bəyanat veririk və hadisələri pisləyirik. Amma güc tətbiq etmirik. Onlar etiraf edirlər ki, NATO-nun Şərqə doğru genişləndirilməsi, Balkanlar və Fars körfəzi həyati maraqları ilə bağlı olan zonalardır.

1999-cu il mart ayının 24-dən iyun ayının 10-a qədər 78 gün ABŞ Yuqoslaviyanı gecə-gündüz bombaladı. Halbuki bu bombardmanla bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmayıb. Çünki Balkanlar Avropanın mərkəzində olsa da, ABŞ-ın həyati maraqları ilə bağlı olan zonaya daxil idi. Fars körfəzi zonasında Səddam Hüseynə qarşı ABŞ BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan hərbi əməliyyatlar həyata keçirdi. Yalnız 2011-ci il dekabrın 18-də qan gölünə dönmüş İraqdan qoşunlarını çıxartdı. Bu mənada, demək olar ki, ABŞ həyati maraqlar naminə hər cür addım atır, ümumi maraqlar olan yerdə isə yalnız bəyanatlar verməklə kifayətlənir. Deməli, Dağlıq Qarabağ, ümumilikdə isə, region ABŞ üçün ümumi maraqlar zonasına daxildir. Bəzən bu tip məsələlərin həlli üçün ABŞ Rusiya ilə kompromisə gəlməyi vacib hesab edir. Rusiya ABŞ-a "yox" deyəndə, problem qəlizləşir. Rusiya hesab edir ki, keçmiş postsovet respublikaları onun təsiri altında olmalıdır. ABŞ da prinsip etibarı ilə Rusiyanın apardığı bölgü əleyhinə deyil.

2008-ci ilin avqust ayında Gürcüstanın Rusiya hərbi kontingenti tərəfindən işğal edilməsi göstərdi ki, ABŞ Moskvanın maraqlarına qarşı, xüsusilə də, apardığı bölgüyə qarşı deyil. Məhz Gürcüstan olaylarından sonra Qırğızıstan "Manas" hərbi bazasını ABŞ-ın üzünə bağlamaq barədə qərar qəbul etdi. Səbəbini də onunla izah edir ki, Gürcüstan xristian dövlətidir. Xristian dünyası, ABŞ başda olmaqla Gürcüstana “dəstəyinin” hansı səviyyədə olduğunu görstərdi. Avropa Birliyi avqust hadisələrindən sonra 2008-ci il sentyabrın 1-də Gürcüstana qarşı güc tətbiq etdiyinə görə, Rusiyanın məsələsinə baxmalı idi. Gündəmdə Rusiyaya qarşı iki sanksiya - Polşa və İtaliya variantları müzakirə olunmalı idi. Nəticədə, heç bir sanksiya olmadı.

NATO Rusiya ilə münasibətləri dondursa da, sonradan qərarından imtina etdi. Məhz bu və digər amillərdən nəticə çıxaran Qırğızıstan ABŞ-ın Manas hərbi bazasında yerləşməsindən imtina etdi. Hətta Manas hərbi bazasına görə, ABŞ illik 80 milyonluq icarə razılaşmasını 150 milyon dollara qaldırmağa hazır olduğunu bəyan etdi. Bu da Qırğızıstanı razı salmadı. Sonradan Rusiya Qırğızıstana 2 milyard dollar kredit ayırdı. Rusiya Xarici İşlər Nazirliyi 150 milyon dollar əvəzində, Qırğızıstana 2 milyard dollar vəsaitin ayrılmasını sırf təsadüf hesab etdiyini bəyan etmişdi. Amma hər kəsə bəllidir ki, siyasətdə təsadüflər olmur. Bir sözlə, Rusiya beynəlxalq aləmdə hesablaşmalı dövlətlərdəndir. Necə ki, ABŞ və Şərqi Avropa ölkələri Rusiya ilə hesablaşırlar. Bu mənada, "Deyl Korneger" Fondunun ekspertlərinin gəldikləri nəticələr maraq doğurmaya bilməz.

Ekspertlərə görə, Rusiyaya münasibətdə üç şeyə təəccüblənməmək mümkün deyil. Birincisi, ona görə ki, Sovet İttifaqının dağılacağı proqnozlaşdırılırdı, amma ona təəccübləndik ki, bu dağılma gözləniləndən tez baş verdi. Təxminən 22 milyon kv. km ərazidən 5 milyon kv.km ərazi ayrıldı. Amma onun yerində 17 milyon kv.km ərazisi olan və ABŞ-dan ( bu ölkənin ərazisi 9,4 milyon kv. km-dir ) iki dəfə böyük olan Rusiya dövləti qaldı. Belə bir dövlət beynəlxalq siyasətdə özünü tarazlı aparmalı idi. Amma 1990-cı ilin əvvəlində miskin günə düşdü. Hətta beynəlxalq danışıqlarda Rusiyanın xarici işlər naziri Kozırevə “Mister yest" ləqəbi də qoymuşdular. Yəni nə desə başı, əlləri və dili ilə təsdiqləyir. Amma SSRİ-nin xarici işlər naziri Qromıkonun ləqəbi “Mister no" idi. Yəni onu razı salmaq çox çətin idi. Təəccübləndik ki, belə nəhəng dövlətin varisi miskin vəziyyətə düşə bilərmiş. Bu, bizi təəccübləndirirdi. Üçüncüsü isə, biz bilirdik ki, Rusiyanın böyük potensialı var, ərazisi var, təbii ehtiyatları var. Bu dövlət özünə gələcək. Bizi təəccübləndirən isə Rusiyanın proqnozlaşdırılandan daha tez özünə gəlməsi və ambisiyalarla çıxış etməsi oldu. 2000-ci ildə Vladimir Putin hakimiyyətə gəldikdən sonra Rusiya dünyada söz sahibi olmağa başladı. Əgər 2000-ci ilə qədər Rusiyanın 150 milyard dollarlıq xarici borcu var idisə, Putinin hakimiyyətə gəlişi ilə bu borclar silinməyə başladı. Bu, həm də onunla bağlı oldu ki, dünya bazarında neftin qiymətinin kəskin bahalaşması Rusiyaya böyük həcmli gəlirlərin daxil olmasına səbəb oldu.

Putinin bir qədər praqmatik siyasət aparması Rusiyanı sürətlə ayağa qaldırdı. Məhz bundan sonra ambisiyalar özünü göstərməyə başladı. "Hətta Rusiya postsovet ölkələrini yaxın xarici hesab edirdi" deyə Fondun ekspertləri təəccüblərinin nədən ibarət olduqlarını ifadə ediblər. Bu və digər faktlara əsasən demək olar ki, dünyanı bəzən miskin durumu, bəzən isə iddialı ambisiyaları ilə təəccübləndirən Rusiya zahirən özünü Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu göstərsə də, reallıqda problemin qalmasında maraqlı olduğunu sezdirməklə təəccübləndirməkdədir. Amma siyasətdə əbədi dostlar olmadığı kimi, əbədi düşmənlər də daimi olmurlar. Siyasi maraqlar, iddialı ambisiyalar dostları düşmənə, düşməni isə dostlara çevirə bilir. Hazırkı dünya düzənində baş verən siyasi prosesləri nəzərə alsaq, Rusiya istəsə də, istəməsə də Azərbaycanın maraqlarına tabe olan dövlətə çevriləcəyi gözlənilir.

Xatırlatmaq lazımdır ki, soyuq müharibə dövründə heç kəsin ağlına gəlmirdi ki, iki qarşıduran tərəf olan NATO və SSRİ sonradan bir-birinə dost əli uzadacaqlar. Hətta SSRİ-nin təsiri altında olmuş (Varşava müqaviləsi ölkələri) dövlətlər NATO-nun üzvü olacaqlar. Hazırda Rusiya ilə NATO-nun üzvü olan Türkiyə arasında sıx münasibətlər mövcuddur. Hər iki dövlət arasında olan iqtisadi əlaqələr ekspertləri, sözün əsl mənasında, təəccübləndirir. Çünki ABŞ ilə Türkiyə strateji müttəfiq olsalar da, onların arasında ticari-iqtisadi dövriyyə cəmi 15 milyard dollardır. ABŞ-la Rusiya bir-birinə strateji rəqib kimi görünsələr də, onların iqtisadi əməkdaşlıq dövriyyələrinin həddi 24 milyard dollar miqdarındadır. Türkiyə-Rusiya ticari dövriyyəsi hazırda 40 milyard dollardır, amma onun 100 milyard dollara çatdırılması barədə razılaşma əldə olunub. Rusiya ilə Ermənistan arasında iqtisadi dövriyyə isə cəmi 750 milyon dollar təşkil edir. Dünyanı həm də iqtisadi maraqların idarə etdiyini nəzərə alsaq, Rusiya 100 milyard dollarlıq ticari-iqtisadi maraqlarına görə, Ermənistanı bir "peşka" kimi Türkiyəyə qurban verə bilər. Eyni zamanda, dünyada qəbul olunan bir prinsip var: güclü hər zaman haqlıdır. Zəiflərin meydanda yer istəməsi heç də arzuolunan deyil. Azərbaycan regionun lider dövlətidir. Sabah isə Azərbaycan regionun fövqəldövlətinə çevrilə biilər. Necə ki, Türkiyəni Yaxın və Orta Şərqin fövqəldövlətləri hesab edirlər. Türkiyənin razılıq vermədiyi heç bir problem həllini tapa bilmir.

Artıq bəzi Qərb ekspertləri Türkiyənin fəaliyyətini populizm kimi dəyərləndirirlər. Daha doğrusu, Türkiyənin iddialarını Osmanlı imperiyasını yenidən bərpa etmək iddiaları kimi qiymətləndirirlər. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının 83 faizi Azərbaycanın payına düşür. Sabah hərbi qüdrəti də Cənubi Qafqaz respublikalarını bir neçə dəfə üstələyə bilər. Artıq Azərbaycan buna doğru da gedir. Yalnız Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır. Bu fərq müqayisəolunmaz səviyyəyə çata bilər. Yəni Azərbaycan neft ölkələri olan Orta Şərq dövlətləri ilə müqayisə oluna bilər. Bu reallıqlar fonunda Ermənistana dədəlik, bəzən isə bacılıq edən dövlətlər rəsmi Yerevanı başa sala bilərlər ki, Qarabağı işğaldan azad edən Azərbaycan inkişafının elə bir pik zirvəsindədir ki, artıq onun qarşısını heç bir qüvvə ala bilməz. Yəni ziyanın yarısından qayıtmaq Ermənistan üçün xeyirli olar. Hazırkı vəziyyətdə Azərbaycan Ermənistandan bütün sahələr üzrə qat-qat güclüdür.

"BMT DEBATLAR ÜÇÜN MARAQLI KLUBDUR"

Etiraf olunmalıdır ki, bu gün dünyada beynəlxalq hüququn gücü deyil, gücün hüquqi işləyir. Bu gün beynəlxalq hüququn gücü işləsəydi, heç şübhəsiz, 1948-ci ildə qəbul olunan Cenevrə konvensiyasına əməl oluna, BMT Təhlükəsizlik Şurasının qətnamələri də Ermənistan tərəfdən icra edilərdi. Necə ola bilər ki, BMT Təhlükəsizlik Şurası 2011-ci ilin sentyabrında Liviya ilə bağlı tez-tələsik qətnamə qəbul edir və iki saat sonra onun icrasına başlayır. Amma Azərbaycanın haqq işi uzun illər idi ki, bərpa olunmurdu. Bundan o nəticəni çıxarmaq olar ki, dünyanı maraqlar idarə edir. Bir halda qanunlar işləyir, başqa bir halda isə bu qanunların işləməsi üçün mexanizm yoxdur. Bu isə nəticə etibarilə beynəlxalq hüququn özünü, xüsusilə də BMT kimi nüfuzlu təşkilatı gözdən salır.

Maraqlısı da odur ki, beynəlxalq hüququ yaradanlar özləri də onu pozurlar. 1945-ci il oktyabr ayının 24-dən fəaliyyətə başlayan və qərargahı Nyu-York şəhərində yerləşən BMT nizamnaməsini ən çox pozan ABŞ-dır. BMT nizamnaməsini tərtib edərkən ABŞ orada qeyd edib ki, sülh və təhlükəsizlik məsələlərinə cavabdehdir. Ancaq yalnız ABŞ-ın sanksiyası ilə bu və digər ölkəyə qarşı müharibəyə başlamaq olar, başqa cür, mümkün deyil. Sadəcə, BMT nizamnaməsinin 51 və 25-ci maddələri var ki, burada təcavüzə məruz qalan dövlət BMT-nin qərarını gözləmədən hərbi əməliyyatlara başlaya bilər. Amma proseslər göstərir ki, ABŞ üçün bu prinsiplər yaddır. Yuxarıda qeyd etdiyimiz kimi, 1999-cu ildə ABŞ Slobodan Miloşoviçi devirmək üçün 78 gün Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən Yuqoslaviyanı bombaladı. Fikir verin: BMT-ni yaradan, nizamnaməsini tərtib edən ABŞ onun prinsiplərini pozanda da birinci dövlətdir. 2003-cü ildə BMT Təhlükəsizlik Şurası üzvlərinin 9 səsini əldə edilməli idi ki, ABŞ İraqa qarşı müharibəyə başlasın. Təbii ki, dövlətlər veto hüququndan istifadə etməməli idilər. Rusiya və Çinin veto hüququndan istifadə edəcəklərini görən ABŞ qətnaməni gündəlikdən çıxararaq İraqa qarşı hərbi əməliyyatlara başladı. Sanki BMT deyilən qurum ABŞ üçün yox imiş. Hətta Corc Buş BMT-nin fəaliyyətini lağa qoyurmuş. "BMT debatlar üçün maraqlı klubdur" deyə C.Buş bildirmişdir. Yəni ABŞ prezidenti dünya üçün nüfuzlu qurum olan BMT-ni adi klub səviyyəsinə endirir. ABŞ bu tip qərarları ilə beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur.

Bu baxımdan, Ermənistan kimi bərbad dövlətin terrorçu qrupunun üzvləri də dünyada beynəlxalq hüququn gücsüz olduğunu bildiklərindən həyasızcasına, total qaydada Cenevrə Konvensiyasını da, BMT qətnamələrini də pozurlar. Cenevrə Konvensiyası o zaman işləyəcək ki, beynəlxalq güclər konvensiyanın işləməsində maraqlı olsunlar. Əgər dünyanın aparıcı dövlətləri siyasi qərar qəbul etsələr ki, Azərbaycan torpaqlarını işğal etdiyinə görə, Ermənistan cəzalandırılmalıdır, o zaman Cenevrə Konvensiyası, eləcə də, digər beynəlxalq qərarlar işə düşmüş olacaqlar. Hətta iddialar irəli sürüləcək ki, 1993-cü ildən Ermənistana vaxt verilib, işğal edilən torpaqların boşaldılması tələb olunub, amma Ermənistan verilən vaxtdan nəticə çıxarmayıb. Beləliklə, Ermənistanı cəzalandırmaq üçün hərbi əməliyyatlara başlanılacaq. Müharibə gedən ərazilərdə qadınların və uşaqların qorunması ilə bağlı 1948-ci ildə qəbul edilən Cenevrə konsepsiyası mövcuddur. Döyüşlər qadın və uşaqların olduğu ərazidən uzaqda keçirilməlidir. Dinc şəraitdə ermənilər azərbaycanlı mülki şəxsləri də qətilə yetirmişdir. Azərbaycan son zamanlar bu məsələlərlə bağlı kütləvi şəkildə öz hüquqlarını qoruduğuna görə, ermənilər bir qədər çətinə düşüblər.

Bu gün ölkəmizin uğuru ondadır ki, Azərbaycana Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev kimi diplomatiyanı dərindən bilən bir şəxs rəhbərlik edir. Ölkə başçısı beynəlxalq proseslərdən kifayət qədər məlumatı olan bir şəxsdir. Əgər bu gün respublikamızı siyasi səriştəsi olmayan bir şəxs idarə etsəydi, Qarabağ problemi həll edilməmiş qalardı. Bəlkə də, beynəlxalq təzyiqlərə duruş gətirməyib Qarabağdan imtina edilərdi. Ancaq böyük sərkərdəlik məharətinə malik, müdrik siyasətçi, Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın milli maraqlarını hər şeydən üstün tutmaqla Qarabağ problemini əbədi həll etdi. Bu gün Qarabağımız düşmən əsarətindən azad edilib və rahat nəfəs alır. Yaxın vaxtlarda isə bütün keçmiş qaçqın və məcburu köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdıb, sakit yaşayışlarnı davam etdirəcəklər.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə