Azərbaycan-İran münasibətlərinə PAYTAXT SAKİNLƏRİ NECƏ BAXIR? - SORĞU
Son günlər gündəmi məşğul edən məsələlərdən biri də İran-Azərbaycan münasibətlərində yaşanan gərginlikdir. İranın Azərbaycana qarşı qərəzli münasibəti, əsassız iddiaları cəmiyyət tərəfindən hiddət və təəssüflə qarşılanır. Belə ki, din qardaşı, dost dövlət sayılan İranın Azərbaycana qarşı atdığı addımlar birmənalı qarşılanmır. Məsələ ilə əlaqədar şəhər sakinləri arasında sorğu keçirdik. SİA həmin sorğunu təqdim edir:

Bakı sakini, yazıçı Seyran Səxavət: “İranın Azərbayacana qarşı olan münasibətini sadəcə qərəz adlandırmaq çox az olar. Mən hələ Şahın dövründə iki il tərcüməçi kimi İranda işləmişəm. O dövrdən onların bizi sevmədiyini hiss etmişəm. Hətta, mənim fars dilindən dərs deyən ixtisas müəllimim İrandan Azərbaycana mühacir kimi gəlmişdi. Onlar üçün Azərbaycanda hər cür şərait yaradılmışdı. Müəllimim Məhəmməd Rza Pəhləvinin hərbi akademiyada müəllimi olmuşdu. Sonra şah olduqdan sonra müəlliminə iki dəfə ölüm cəzası kəsmişdi. Sonradan Bakıya mühacir kimi gəldiyi zaman burada alimlik dərəcəsi almışdı. O İranda zülmlər görməsinə baxmayaraq burada fars dilini və farsları təbliğ edirdi. Son zamanlar baş verən hadisələrə gəldikdə isə deyə bilərəm ki, biz İranın başına hər dəqiqə düşən ağır bir daşıq. Bu gün onlar bizə qarşı düşmənliyini artıq açıq şəkildə biruzə verirlər. Onlar hamısı saxtakardırlar. Saxtakarlıqlarının ən böyüyü isə odur ki, Cənubi Azərbaycanda həmyerlilərimizin sayı 40 milyona yaxındır, lakin İran hökuməti bu sayı 20 milyon göstərir. 20 milyon saxtakarlıq olar? Lakin zaman Azərbaycanın xeyrinə işləyir. İndiyə kimi zaman heç vaxt bizim xeyrimizə işləməmişdi, lakin bu gün o zamanı bizim xeyrimizə işlədən Ali Baş Komandanımız var”.

Şəhər sakini İkram Qurbanov: “İranın Azərbaycan xalqına münasibəti heç bir zaman yaxşı olmayıb. Amma biz azərbaycanlı olaraq öz soydaşlarımızın İranda yaşadığını nəzərə alaraq İrana qarşı münasibətdə pis olmamışıq. Ona görə də bir vətəndaş kimi İranın son zamanlar Azərbaycana qarşı mövqeyini pisləyirəm. İran bilməlidir ki, bu cür davranışın nəticələri onlar üçün yaxşı olmayacaq. Unutmasınlar ki, Azərbaycan tək deyil. Azərbaycanın arxasında böyük türk milləti var. Azərbaycanın Türkiyə, Pakistan kimi dostları var. Ən əsası isə Azərbaycanın böyük Prezidenti cənab İlham Əliyev var”.

Paytaxt sakini Aydın Kərimov: “Bizim üçün sirr deyil ki, İran həmişə bizə düşmən olub. Farslar hər zaman Azərbaycana qarşı təbliğat aparıblar. Ocaq Nejatın Bakıdakı ofisi də din pərdəsi adı altında cəmiyyət arasında təbliğat aparırlar. Bu gün Azərbaycan gəncləri arasında narkomaniyanın artmasının səbəbi də İranın bəlasıdır. Mən özüm Lənkəranlıyam. Ona görə də bu barədə dəqiq danışa bilərəm. Bütün bunları nəzərə alaraq İranla bütün diplomatik əlaqələri kəsmək və yenidən İranla sərhədləri bağlamaq lazımdır”.
Bakı sakini Cəmilə Bəhmənova: “İranın Azərbaycana olan münasibətini çox pis dəyərləndirirəm. Çünki farsların qanında erməni qanı var. Farsların tarixən anası erməni, anası yunan olub. Azərbaycanlı soydaşlarımız orada çoxluq təşkil edir, ona görə də onlar qorxu hiss keçirirlər ki, nə vaxtsa Cənubi Azərbaycan Şimali Azərbaycana birləşəcək. Mən onlara müsəlman deyə bilmirəm. Salman Farsi farsları islama dəvət edib, lakin onlar hələdə əməllərində ermənidirlər”.

Bakı sakini Arzu Dadaşova: “İranın qərəzli mövqeyi bir vətəndaş kimi məni çox narahat edir. Onlar özlərini İslam ölkəsi adlandırır. Onda ortaya bu sual çıxır ki, necə bir müsəlman məscidlərdə donuz saxlayan kafirlərə kömək edə bilər? Bu heç bir şəkildə qəbuledilən deyil. Birmənalı olaraq bir vətəndaş kimi bu münasibəti, əsassısız iddiaları qəbul etməyimiz mümkün deyil”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB