44 günlük savaşda mediamızın rolu nədən ibarət olub? - BAMF SƏDRİ AYDINLIQ GƏTİRDİ

44 günlük savaşda mediamızın rolu nədən ibarət olub? - BAMF SƏDRİ AYDINLIQ GƏTİRDİ

"Bu savaş xalqımızın tərcümeyi-halında misli-bərabəri olmayan bir dəyər kəsb edir". Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.

Onun sözlərinə görə, bu, tarixi əhəmiyyəti olan bir cəng, bir savaş idi.

“Bizim çoxlu savaşlarımız olubdur. Onların çoxunu da biz tarix kitablarından oxumuşuq, dədələrimizin, babalarımızın, nənələrimizin danışdığı hekayələrdən duymuşuq, bilmişik. Amma bu savaş tamam başqa idi və bu 30 illik bir qara ləkəni, bütövlükdə xalqımız üçün son dərəcə bağışlanılmaya biləcək bir ləkəni növbəti nəsillərimizə miras qoyub gedə bilməzdik. Hesab edirəm ki, bu, bizim üçün qeyri-adi bir savaş idi.

Təbii ki, burada, bu savaşda Ali Baş Komandanımızın öz yeri, müzəffər ordumuzun öz yeri, sıravi vətəndaşlarımızın öz yeri, bölgədə yaşayan insanlarımızın öz yeri və hər bir Azərbaycan vətəndaşının öz yeri var idi. Bilirsiniz, bu həmrəylik də elə oradan qaynaqlanırdı ki, hər kəs öz yerini bilirdi, özünün verə biləcəyi qatqının fərqində idi bu savaşda.

Bu savaş ölüm-dirim savaşı idi və burada da təbii ki, mediamızım, mətbuatımızın da məxsusi bir rolu, məxsusi bir yeri var idi. Mən deyərdim ki, Azərbaycan mediası bu savaşdan üzü ağ çıxdı, lazım olan hər şey etdi. Qarabağ konflikti yaranan gündən bizim regionlarda uzun illərdir çalışan region jurnalistlərimiz həm silaha sarıldılar, həm də öz qələmlərini süngüyə çevirdilər. Azərbaycan jurnalistləri gecə-gündüz səngərlərdə oldular.

Həm yerli jurnalistlər, həm də beynəlxalq media cameəsi bu prosesdə fəal iştirak etdi. Deyək ki, biz özümüz, bizim təşkilatımız Əlcəzirə televiziyası ilə birgə fəaliyyət göstərirdi. Onların regiondakı demək olar ki, əksər fəaliyyəti zamanı biz onlarla birgə addımlayırdıq. İki ay həmin qurumla bir yerdə olduq və əsas məqsədimiz də bu idi ki, bu prosesdə, bu savaşda göstərilənlər, dünya cameəsinə çatdırılanlar obyektiv olsun, doğru olsun, dürüst olsun. Bilirsiniz ki, beynəlxalq media qurumlarının həm Ermənistan, həm də Azərbaycan tərəfdən nümayəndələri fəaliyyət göstərirdi. Onlar birbaşa həm də müəyyən məsələləri məsləhətləşir, müəyyən məsələləri araşdırır və dəqiqləşdirdikdən sonra beynəlxalq cameəyə yayırdılar. Bu baxımdan, məhz bu savaşda, hesab edirəm ki, təkcə Azərbaycan mediası yox, dünya mediası da Azərbaycan-Ermənistan konflikti ilə bağlı, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bu 44 gündə 30 ildə görmədiklərini, eşitmədiklərini, bilmədiklərini beynəlxalq cameəyə çatdırmaq imkanı əldə etdi.

Təbii ki, burada Ali Baş Komandanımızın xüsusi rolu oldu. Yəni, Ali Baş Komandanımız həm də beynəlxalq cameənin məlumatlandırılması üçün qeyri-adi bir fəaliyyət nümayiş etdirdi. Onun bu 44 gün ərzində beynəlxalq mediaya verdiyi birbaşa müsahibələrinin hamısı demək olar ki, dünyanın gündəminə çevrildi. Azərbaycanın haqq səsi eşidilməyə, duyulmağa başladı. Bu cəhətdən hesab edirəm ki, medianın fəaliyyəti təqdir olunmalıdır və şükürlər olsun ki, bu istiqamətdə jurnalistlər tərəfindən bir dənə də olsun utanc gətirə biləcək fəaliyyət göstərilmədi ”, deyə Umud Rəhimoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə