44 günlük Zəfər tarixinə tələbələrin baxışı necədir? - SORĞU

44 günlük Zəfər tarixinə tələbələrin baxışı necədir? - SORĞU

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər,

Hərə bir qəhrəman oldu!

Himnimizdə yer alan bu sətirlərin mənası Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edir. Vətəni sevmək ta beşikdən başlayır. Məktəbdə hər il dərs başlamadan əvvəl sırada himnimizi oxuyardıq. Müəllimlərimiz bizə qan yaddaşımızı əzbərlədərdilər. Keçmişini unudan gələcəyini yaza bilməz! Biz keçmişimizi unutmadıq, unutmarıq! Vətəni vətən edən onun uğrunda can verən qan tökən şəhidlərdir. Biz bu anı çox gözləmişik. Cəbrayıl, Xudayar, İlqar, Polad, Məhəmməd kimi igid qəhrəmanlarımız Vətəni öz qanları, öz canları bahasına qoruyaraq bizə qələbə sevincini yaşatdılar. Onlar sayəsində artıq torpaqlarımız işğaldan azaddır. Xalq olaraq bu qələbəni, bu sevinci qürurla yaşayırıq. Artıq qələbəmizdən 1 il ötür. Bəs görəsən Azərbaycan gənclərinin bu qələbə haqqında təəssüratları nələrdir? SİA olaraq tələbələr arasında sorğu keçirtdik:

Tələbə Mikayıl Quliyev: “Təbii ki, çox qürürverici bir hissdir. 28 ildir həsrətini çəkdiyimiz topraqlarımız işğaldan azad edilib. Bu yolda neçə-neçə igid oğullar şəhid olub. Allah hər birinə rəhmət eləsin! O cümlədən qazilərimizə şəfa versin. Mən özüm də gələn il inşallah hərbi xidmətə gedib vətənimi layiqincə qoruyacam”.

Tələbə Səbinə Hüseynli: “Biz hər il işğal olunmuş torpaqlarımızın il dönümünü qeyd edirdik. Artıq torpaqlarımızın azad olunmasını, Zəfər tariximizi böyük qürur hissi ilə qeyd edirik. Bizə bu sevinci yaşadan şəhidlərimizə, qazilərimizə sonsuz təşəkkürlərimi bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Allah bütün qazilərimizə şəfa versin”.

Məzun Nicat İsmayılov: “Neçə ildir ki, biz bu anı gözləyirdik. Əlbəttə ki, çox sevincliyəm. Vətənimin igid əsgərləri ilə qürur duyuram. Bu yaxınlarda hərbi xidmətə çağırılacam. Həmin bölgəyə getmək üçün əlimdən gələni edəcəm”.

Tələbə Banuçiçək Hüseynli: “Yadımdadır ki, həmin gecəni yatmamışdıq. Qələbə! Artıq deməyəcəyik torpaqlarımızın 20 faizi işğal altındadır. Gözümüzdən axan yaş kədəri yox qüruru, sevinci təmsil edir. Bizi bu qələbəyə aparan, çox önəmli addımlar atan Prezidentimizə təşəkkür edirəm. Mən Şuşalıyam. Amma bu vaxta qədər bir dəfə də ora gedə bilməmişəm. Məni vətənimə qovuşduran hər bir şəhidimizin qarşısında baş əyirəm. Hər bir qazimizə Allahdan şəfa diləyirəm”.

Tələbə Nicat Ələkbərov: “Mən də bir azərbaycanlı gənc kimi torpaqlarımızın işğaldan azad olunmasını böyük sevinc hissi ilə qarşıladım. Vətən yolunda canını əsirgəməyən igid oğullar sayasində başımız dik gəzə bilirik. Onlar öz qanları ilə bayrağımızı torpaqlarımızda dalğalandırdılar”.

Tələbə Nüşabə Nəciməddinova: “Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi olub. Bunu xalqımıza, xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda xidməti vəzifəsini yerinə yetirən əsgər və zabitlərimiz sülh və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

Tələbə Mirkamal Kazımzadə: “Nə deyəcəyimi bilmirəm. Bu hissləri hansı sözlə ifadə etmək lazımdı bilmirəm. Amma bir xalq düşünün. Bu anı neçə illərdir gözləyən, vətən həsrəti ilə alışıb yanan bir xalq. Və nəhayət həmin an gəldi”.

Tələbə Asif Məmmədov: “Təbii ki, sevincliyəm. 30 illik həsrət bitdi. Düşmənlərimiz üzərində qələbə qazandıq. Və Allaha şükür ki, Qarabağın azad olmağını görmək bizə nəsib oldu”.

Abutel İsmayıllı

Bütün xəbərlər Facebook səhifəmizdə