Milli qürur məsələmiz- Qarabağ - MƏQALƏ

Milli qürur məsələmiz- Qarabağ - MƏQALƏ

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. Ermənistan SSR-də yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından dəfələrlə qəddarlıqla deportasiya edilib. Nəticədə yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından zorla qovulub, qətlə yetirilib, yaralanıb. Onlar erməni zorakılığı qarşısında öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar 1992-ci ildə bu münaqişənin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM-in) prinsipləri əsasında sülh yolu ilə həlli üçün Minsk qrupu yaradıldı. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə 1993-cü ildə işğalçıların Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən beynəlxalq hüquqda çox böyük əhəmiyyətə malik 4 qətnamə qəbul etdi. Azərbaycan üçün olduqca mürəkkəb şəraitdə hakimiyyətə gəlmiş Ümummilli lider Heydər Əliyev belə bir nəticəyə gəldi ki, münaqişənin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Havadarlarından böyük dəstək almış Ermənistanın başlatdığı Birinci Qarabağ müharibəsi 1994-cü ildə Bişkekdə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəslə başa çatdı. Qrup həmsədrlərinin sülhə nail ola bilməmələrinə diqqət çəkən Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 2001-ci ilin dekabrında onlarla görüşdə “müharibə təhlükəsinin artdığını” söyləmişdi. Minsk qrupunun həmsədrləri isə “münaqişənin hərbi yolla həll ediləcəyi təqdirdə, onsuz da çox ciddi və güclü şəkildə zərər çəkmiş insanların daha böyük müsibətlərə məruz qalacaqlarını” bildirməklə 3 faktiki olaraq münaqişəni süni yolla uzatmaq istəyən Ermənistanın mənafeyini müdafiə etmiş oldular. 2003-cü ildə Prezident seçiləndən Minsk qrupunun həmsədrlərini dəfələrlə qəbul edən İlham Əliyev Azərbaycanın öz haqq işində bir addım da olsa geri çəkilməyəcəyini və bir qarış da olsa ərazi güzəştinə getməyəcəyini qəti şəkildə bildirmişdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il 25 sentyabrda BMT-nin sessiyasının ümumi debatlarında videoformatda etdiyi çıxışında dünya ictimaiyyətini Ermənistanın təxribatçı hərəkətləri haqqında bir daha məlumatlandırdı: “Ermənistanın Baş Naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış dəstələrin yaradılmasını elan etmişdir. Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmrilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə yanaşı, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə 6 başladı. Ərazisinə minlərlə mərmi düşən Tərtər şəhəri İkinci Dünya müharibəsi dövründə dağılmış Stalinqrad şəhərinə bənzəyirdi.

Beynəlxalq konvensiyalarda aydın şəkildə qeyd edilir: Dəqiq hədəfi olmayan zərbələr mülki əhaliylə hərbi obyektlər arasında fərq qoymadan edilən hücumdur. Xüsusi hərbi hədəfi olmayan bu hücumlar zamanı hərbi hədəfsiz zərbələr endirən silahlar istifadə edilir. Qadağan edilmiş məqsədli hücumlara ərazilərin bombalanması, artilleriya hücumları, habelə sivillərin məskunlaşdığı və mülki obyektlərin cəmləşdiyi ərazidə bir neçə hərbi məntəqəni tək bir hərbi hədəf olaraq bəlirləyən digər hərbi zərbələr daxildir. (Berlin) – Human Rights Watch təşkilatının 11 dekabr tarixli məruzəsində qeyd edilib ki, 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq Azərbaycana qarşı hərbçilər və mülki əhali arasında fərq qoymadan kasetli silahlardan istifadə edib.

Bu gün Avropa və bir sıra beynəlxalq qurumlar, bir zaman Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüzə susaraq, azərbaycanlıların öz ata-baba torpaqlarını tərk etməsinə göz yummasına baxmayaraq, indi Ermənistana Qarabağda muxtariyyətin verilməsi tələbi ilə çıxış edirlər. Bu avropalıların bir xristian təsəbbüskarlığı,həmrəyliyi fonunda çıxış etməsini tam göstərir. 44 günlük Vətən müharibəsindən sonra Qərb dairələri II Qarabağ savaşının sonu kimi imzalanmış 10 noyabr razılaşmasından sonra Azərbaycan ərazilərinə soxulan, zərərsizləşdirdiyimiz erməni terrorçularının geri qaytarılması üçün səfərbər olunmuşdular: “Bu o ölkələr idi ki, illərlə terrorla mübarizə üçün öz sərhədlərindən min kilometrlərlə uzaqda hərbi əməliyyatlar aparırdılar. Məsələn, ABŞ öz ərazisində ona çağırış etmiş terrorizmlə qlobal və dayanıqlı mübarizə çərçivəsində Əfqanıstanda müharibədə, Pakistanla sərhəd Vəziristanda müştərək antiterror əməliyyatlarında, Filippində, Somalidə, Yəməndə, Keniyada, Sudanda, Kamerunda ”Əl-Qaidə"yə qarşı apardığı əməliyyatlarda həbs etdiyi, Kuba ərazisində Quantanamo hərbi bazasında həbsxanada saxladığı terrorçuları o zaman nə özü, nə də dünya ictimaiyyəti hərbi əsir olaraq qəbul etmirdi. Azərbaycan tərəfi dəfələrlə həbs olunanların 10 noyabr üçtərəfli bəyanat çərçivəsində azad edilməsi nəzərdə tutulan hərbi əsirlər olmadığını faktlarla sübut etsə də, bu faktlar Rusiya, Gürcüstan, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı Şurası və ATƏT-in cari sədr ölkəsi kimi İsveç rəsmiləri görməməzlikdən gəldi. Məntiqi olaraq sual yaranırdı ki, kəşfiyyat xidmətləri kifayət qədər inkişaf etmiş bu ölkələrin diversiya törədən terrorçuları hərbi əsir elan etməsi təşəbbüslərinin əsasında hansı məqamlar dayanırdı?

Bu məsələdə rəsmi Bakıya diplomatik təzyiq cəhdləri formalaşdırmaq təşəbbüsləri sezilirdi, amma nəzərə alsaq ki, bu cəmi bir dəfə oynanılacaq kart kimi qısamüddətli hesabda işləsə də uzunmüddətli hesabda bu kart yararsız idi. Sonrakı proseslər və terrorçuları hərbi əsir kimi tələb edən ölkələrin sonrakı addımları bəzi məsələləri aydınlaşdırdı. Məhz terrorçuları rəsmi Bakıdan azad etməsini tələb edən dövlətlərə məxsus şirkətlərin işğal illərində Qarabağın təbii resurslarının qanunsuz talanması, ekologiyaya ziyan vurulması, işğal altında olan nəzarətsiz ərazilərin talan edilməsi kimi cinayətlərdə iştirakı faktları məlum oldu.

Müharibənin gedişində müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına verdiyi müsahibələrdə Ali baş komandan beynəlxalq aləmdə Azərbaycan haqqında formalaşmış yanlış təsəvvürləri aradan qaldırırdı. Azərbaycan Prezidenti erməni yalanlarına uymuş bəzi xarici müxbirlərin qərəzli suallarını soyuqqanlıqla cavablandıraraq onları məntiqli arqumentlər əsasında susdururdu. Məsələn, Almaniya televiziya kanallarından birinin müxbirinin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualına İlham Əliyev çox sərrast cavab vermişdi: “Elzas və Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? ... Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir ...”.

Rəna Borayeva

Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə