Ermənistan hələ də müsbət cavab verməmişdir - MƏQALƏ

Ermənistan hələ də müsbət cavab verməmişdir - MƏQALƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. Prezidentimiz öz müsahibəsində bildirib ki, Azərbaycan qalib tərəf olaraq sülhün təfərrüatlarını müəyyən etməyə və danışıqların aparılmasına artıq hazırdır. Danışıqlar və təmaslar başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Eyni zamanda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub və bu görüş konstruktiv olmuşdur. Azərbaycanın mövqeyi müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Azərbaycan Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyindədir. Dövlətimiz sərhədlərin delimitasiyasına və dərhal sonra demarkasiyasına başlamağa hazırdır. Gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa da hazırıq. Bütün bu təşəbbüslər dövlətimiz tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin Ermənistan hələ də müsbət cavab verməmişdir.

Münaqişə öz həllini tapdıqdan sonra, artıq mövcud olmayan “Dağlıq Qarabağ” adlandırdıqları “qurum”un statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Azərbaycanın ərazisində belə inzibati vahid yoxdur. Cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında da bunları aydın bildirmişdir ki, bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə – Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşıdır. Azərbaycan dövləti milliyətindən asılı olmayaraq öz vətəndaşlarının qayğısındadır. 10 noyabr tarixin də imzalanmış bəyanatda da bir daha qeyd olunur ki, Azərbaycan vətəndaşlığını qəbul etmək şərti ilə hər bir erməni ailəsi yenə də Azərbaycan torpaqlarında yaşaya bilər.

Prezident İlham Əliyev müsahibəsində Ermənistan tərəfindən işğal altında olmuş keçmiş ərazilərdə basdırılmış minaların xəritələri məsələsindən də danışıb: “İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Bu yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Beləliklə, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin”.

“Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Minalardan təmizləmə işini Azərbaycan özü həyata keçirir. Minatəmizləmə Agentliyinin şəxsi heyəti və bu prosesdə iştirak edən hərbçilərin də sayı artırılıb. Lakin bu işlər vaxt tələb edir. Bununla belə, mülki əhali üçün artıq qəsəbə, şəhər və kəndlərin tikilməsi prosesi başlanılmışdır. Birinci görülmüş iş tələbatların və infrastrukturun tam nəzərdən keçirilməsi oldu. Elektrik enerjisi infrastrukturu bu ilin sonuna qədər tam hazır olacaq. Eyni zamanda, yollara və su təchizatına aid olan məsələlər də vacibdir. Ola bilsin, bu ilin sonuna və ya gələn ilin əvvəlinə azad olunmuş ərazilər öz ilk sakinlərini qəbul edə biləcək. Bütün şəhərlər üçün baş planlar hazırlanır. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayrılmışdır. Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib ki, Azərbaycan dərhal sərhədlərin delimitasiyasına və bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırdır: “Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır və bəzi addımlar var, lakin hesab edirəm ki, biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik”.

Səbinə Şahverdiyeva

181 nömrəli tam orta məktəbin “İlk Partiya Təşkilatı”nın sədri

Bütün xəbərlər Facebook səhifəmizdə