Bakı Metropolitenində köhnə qatarlar və narazılıq - YENİLİK NƏ OLACAQ? - QURUM RƏSMİSİ AÇIQLADI

Bakı Metropolitenində köhnə qatarlar və narazılıq - YENİLİK NƏ OLACAQ? - QURUM RƏSMİSİ AÇIQLADI

“Bakı Metropolitenində vaqonların istismardan çıxarılmasının özünəməxsus qaydaları var. Hər bir vaqonun 30 və ya 31 il istismar müddəti var. Həmin müddət başa çatana qədər əgər, vaqonun konstruksiyasında hər hansı bir problem yoxdursa, həmin vaqonlar 30 və ya 31 il istismar müddəti ərzində mütləq qaydada istismarda saxlanılmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hal-hazırda Bakı Metropolitenində 305 vaqon var: “305 vaqondan 95-i yeni nəslə mənsub olan vaqonlardır. 95 vaqon və yaxud da 19 qatar tərkibli vaqonların hər birisi hal-hazırda fəaliyyətdədir. Sadəcə normativ tələblərə uyğun olaraq gün ərzində xəttə olan qatarlar müəyyən məsafəni qət etdikdən sonra mütləq şəkildə “Nərimanov” elektrik deposunda texniki baxış, xidmət və qulluq prosesindən keçməlidir. Bundan əlavə olaraq bəzi təmir növləri də var ki, müəyyən məsafəni qət etdikdən sonra həmin qatar müəyyən təmir növlərinə cəlb olunmalıdır. Bu qaydalar istisna olmaqla bu qatarların hamısı mütləq qaydada xətlərimizdə fəaliyyət göstərir. Hazırda 19 qatardan 3-ü “İçərişəhər-Həzi Aslanov”, qalan 16 qatar isə “Dərnəgül-Həzi Aslanov” istiqamətində hərəkət edir. Digər köhnə nəsil adlandığımız vaqonlu qatarlar isə mütləq şəkildə istismar tarixi başa çatdığı tarixdən etibarən xətlərdən çıxardılır”.

Bəxtiyar Məmmədov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, 2019-ci ildə Rusiyanın “Metrovaqonmaş” müəssisə ilə bağlanmış müqaviləyə əsasən Bakı Metropoliteni 3 il ərzində hər il 20 yeni nəsil vaqon olmaqla vaqonlar almalıdır: “2020-2021-ci ildə Bakıya 40 vaqon gətirilib və onlar xətlərimizdə fəaliyyət göstərirlər. Gələn ilin planına uyğun olaraq artıq 2019-cu ildə bağlanmış müqaviləyə əsasən daha 4 qatar tərkibli 20 vaqon alınacaq. Bununla əlaqədar zamanı yetişdikdə Bakı Metropoliteni texniki şərtləri istehsalçı müəssisəyə təqdim edəcək və onlar planlaşdırılmış qaydada həmin vaqonları istehsal edərək Bakıya göndərəcəklər. Vaqonlar Bakıya çatdıqdan sonra sazlama, sınaq tənzimləmə və yenidən sınaq işləri aparılaraq xəttə buraxılacaq. Ümumilikdə isə Bakı Metropolitenində vaqonların alınmasının iki vacib qaydası var. Birincisi metro vaqonlarının istismar müddəti başa çatmalıdır. İkincisi isə metro xətlərinin inkişafı ilə əlaqədardır. Metro xətləri uzandıqca, yeni stansiyalar yarandıqca zərurət yarandığı halda yeni vaqonlar sifariş olunur və onlar alınaraq xəttə buraxılır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə