“Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.
Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Dövlət başçımız, Ali Baş Komandan cənab İlham Əliyevin 27 sentyabr 2020-ci ildə xalqa müraciətlə söylədiyi bu sözlər, əslində, bütün dünyaya verilən bir mesaj idi. Bəli, məhz o gündən xalq-ordu-dövlət birliyi “Dəmir yumruğ”a dönərək 28 illik həsrətə son qoydu. Bu, həm rəşadətli ordumuzun döyüş meydanında düşmənə vurduğu sarsıdıcı zərbələrin, həm də ölkə başçımızın, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin diplomatik sahədə apardığı uğurlu siyasətin nəticəsi idi.
II Qarabağ savaşının ilk qığılcmları hələ 2016-cı ilin aprel ayından alovlanmışdı.
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixə düşdü.
Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Nəhayət, 27.09.2020-ci il xalqımızın tarixində yeni bir səhifə açdı. II Qarabağ müharibəsinin ilk günlərindən cəbhə bölgələrindən aldığımız xoş xəbərlər qələbəyə ümidimizi daha da artırırdı.
Oktyabrın 4-ü Cəbrayılın azad edilməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı. Ordumuz Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Mənfur düşmənlərimiz təkcə dinc əhali ilə deyil, həm də xalqımızın maddi-mənəvi sərvətlərinə qarşı da qəddarlıq edərək, Cəbrayılın bir sıra tarixi abidələrini dağıntıya məruz qoymuşdu.
2020-ci il noyabrın 16-da qalib ölkənin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. Prezident böyük fəxrlə Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Bu, heç də təsədüfü deyildi. Xudafərin körpüsü xalqımız üçün qürur simvolu idi. Məhz,hörmətli dövlət başçımız bu məkandan tarixi qələbəmizin qazanılmasında rolu olan qəhrəman, igid, rəşədətli ordumuza, bu qələbəni öz qanlarıyla tariximizə həkk edən şəhidlərimizə, müharibənin son günlərinə qədər inamını itirməyən xalqına dərin sevgi və minnətdarlığını bildirdi.
Bəli, artıq doğma Qarabağımıza qayıtmışıq. Biz Qarabağımızı yenidən quracağıq. Bu müharibədə əldə etdiyimiz şanlı qələbəmiz tariximizdə yeni, işıqlı səhifələr açacaq. Qələbəmizin memarı olan cənab Prezident İlham Əliyev cənablarının söylədiyi fikirlər buna parlaq sübutdur: “Müharibə başa çatandan sonra nəinki bölgə, həm də dünya dəyişəcək. Hər kəs bizim gücümüzü gördü. Biz bu bölgədə yeni strateji mənzərə, strateji baxış yaratmalıyıq. Müharibədən sonra Azərbaycanın, bölgənin yeni dövrü başlanacaq”. Yaşasın Azərbaycan! Yaşasın şanlı Azərbaycan ordusu! Var ol, cənab Prezident! Qarabağ Azərbaycandır!
Elnarə İskəndərova
Xəzər rayonu, Ə. Əliyev adına 125 saylı tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB