Şəhid Tahir Qasımzadənin ildönümü keçirilib - FOTO

Şəhid Tahir Qasımzadənin ildönümü keçirilib - FOTO

30 sentyabr 2021-ci il tarixdə YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid Qasımzadə Tahir Sərdaroğlunun şəhadətinin ildönümü münasibəti ilə təşkil olunmuş anım mərasimində iştirak ediblər. Öncə şəhid Qasımzadə Tahirin Sabunçu rayon Şəhidlər Xiyabanındakı əbədi istirahətgahı rayon təşkilatının nümayəndələri tərəfindən ziyarət edilib, məzarı üzərinə güllər düzülmüş və dualar oxunub. Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilatın nümayəndələri Suraxanı rayonu Zığ qəsəbəsi sakini, Vətən Müharibəsi şəhidi əsgər Qasımzadə Tahir Sərdaroğlunun anım mərasimində ailənin qayğıları ilə maraqlanıblar. Görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Vüqar Seyidov deyib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azadolunmasıdır. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək şəhidimizə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, şəhid Qasımzadə Tahir Sərdar oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə