Şəhidlərimizin ruhunu dindirən qələbə! - MƏQALƏ

Şəhidlərimizin ruhunu dindirən qələbə! - MƏQALƏ

Tarixboyu Azərbaycan xalqı həmişə əmin - amanlığın tərəfdarı olub. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Beləlklə, Azərbaycan Ordusu sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatına başladı. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarə” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi.

Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Cəbhə uğurlarımızın ən başlıca səbəbi isə Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.

Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir ki, “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır”.

Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Azərbaycanın apardığı müharibə ədalətli və müqəddəs Vətən müharibəsi idi. Ordumuzun əks-hücum əməliyyatları zamanı döyüş taktikası ilk gündən hərb tarixi üzrə tanınmış mütəxəssislərin və ekspertlərin diqqətini cəlb etdi. Döyüş meydanlarında böyük şücaət göstərən igid əsgər və zabitlərimiz Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə orden və medallara layiq görülürlər. Ali Baş Komandan İlham Əliyev hərbçilərlə görüşündə də Ordumuzun gücündən geniş bəhs edərək demişdir: “Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə təxminən 28 il idi ki, kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan bu tarixi ədaləti təkbaşına bərpa etdi! Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Azərbaycan xalqının bu tarixi qələbəsi ilə erməni lobbisinin onilliklərboyu formalaşdırdığı güclü anti-Azərbaycan informasiya məkanı darmadağın edildi. İlham Əliyev status məsələsinin və Dağlıq Qarabağ məfhumunun artıq "tarixə qovuşduğu"nu dəfələrlə bəyan edib: "Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur".

Biz bu gün qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq.

Fəridə Əkbərova

234 nömrəli tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə