Prezidentin müsahibəsi dövlətimizin qətiyyətindən xəbər verdi - MƏQALƏ
İkinci Qarabağ müharibəsində əldə etdiyimiz tarixi zəfərdən bir il ötür. Daha doğrusu, müharibənin başlanmasından. Ötən il bu vaxtı ordumuz müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla irəliləyərək işğal altında olan torpaqlarımızı hər gün azad edirdi. Post-müharibə dövründə isə cənab Prezident informasiya cəbhəsində ön sıradadır desəm yanılmaram. Buna misal olaraq Prezidentin sentyabrın 28-də “France-24” televiziya kanalına verdiyi müsahibəni misal göstərmək olar.
O müsahibədə bir sıra maraqlı məqamlara toxundu ki, burada Ermənistanın revanşist siyasətindən tutmuş, digər siyasi-diplomatik və iqtisadi amillər də yer aldı. Dövlət başçısı aşkar şəkildə bəyan etdi ki, Azərbaycan sülh və regionun inkişafı naminə danışıqların aparılmasına hazırdır. Həqiqətən də rəsmi Bakı artıq bir neçə dəfə açıq şəkildə Ermənistanla dialoqa başlamağa hazır olduğunu bildirib. Söhbət təkcə dialoqun başlanılmasından getmir, eyni zamanda, Azərbaycan və Ermənistan arasında gələcək sülh razılaşmasının üzərində aparılacaq işdən də gedir. Prezident haqlı olaraq vurğuladı ki, artıq müharibə bitib, münaqişə isə öz həllini tapıb. Biz bölgəni daha da proqnozlaşdırıla bilən, sabit və təhlükəsiz regiona çevirmək üçün yeni fəaliyyətə başlamalıyıq. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması isə Cənubi Qafqaz regionu üçün yeni imkanlar yaradacaq.
Ali Baş Komandan dönə-dönə xatırlatdı ki, Azərbaycanın mövqeyi çox aydındır. Münaqişə artıq həll olunub, keçmişə qayıdış olmamalıdır və revanşizm yolverilməzdir. Gələcək və sülh haqqında, regionu necə daha da sabit və təhlükəsiz etmək imkanları haqqında fəal danışıqlar aparılmalıdır.
Müsahibədə vasitəçilik institutunun danışıqlar prosesində böyük əhəmiyyətinin olması da vurğulandı. Xatırlatma edildi ki, adətən iki ölkə rəhbəri arasında təmaslar ATƏT-in Minsk qrupu çərçivəsində təşkil olunurdu. Onlar gündəliyi təklif edir və görüşləri təşkil edirdi. Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, Azərbaycan buna qarşı çıxmaz.
Ümilikdə isə regionda sülhün bərqərar olunması istəyi Azərbaycanın rəsmi mövqeyini əks etdirir. Prezidentin sülh müqaviləsinin vacibliyini önə çəkməsi də vacib amil idi. “O sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işlər aparılmalıdır. Ermənistanla sülh sazişinin üzərində danışıqlara hazırlıq başlanmalıdır. Ancaq, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Qeyd olunan hal Ermənistandakı siyasi isteblişmentin bəzi dairələrində revanşizm tendensiyalarının mövcudluğu ilə izah oluna bilər. İstənilən halda, Azərbaycan öz xəbərdarlığını edib”.
Bu gün doğrudan da İrəvanın sülhdən yayınması heç bir məntiqə sığmır. İrəvan dəmir yumruğun gücündən hələ də özünə gələ bilməyib. Amma qonşu ölkədə revanşist meyllər baş qaldırır. Bu barədə də cənab Prezident fikirlərini bölüşdü. Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının absurd olduğunu deyən dövlət başçısı ermənilərin hələ də “Dağlıq Qarabağ”ın Azərbaycana məxsus olmadığını iddia etməsini qınadı.
“Onlar hələ də iddia edirlər ki, o, ya Ermənistana məxsusdur, ya da ki, “müstəqil” bir qurumdur. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır”-haqlı olaraq Ali Baş Komandan İrəvana xəbərdarlığını bir daha çatdırdı.
Doğrudan da bu gün köhnə qaydalara qayıtmaq istəyi, köhnə xəyallarla yaşamaq, münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir. Prezident də müsahibəsində xüsusi olaraq vurğuladı ki, münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Elə Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Rəsmi Bakı Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idi. Ermənilər isə hər zaman bunu rədd edirdi. Onlar təklifə hər zaman “yox” deyir, yalnız müstəqillik iddiasına düşürdülər. İndi isə münaqişə başa çatdığından, ermənilər muxtariyyət haqqında danışırlar. Prezident jurnalistə bir daha xatırlatdı ki, belə bir muxtariyyət falan məsələsi isə bizim gündəliyimizə daxil deyil! Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil...
Müsahibədə diqqət çəkən məqamlardan biri Zəngəzurla bağlı fikirlər oldu. Xatırlatma edildi ki, 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib. Azərbaycan yalnız tarixi faktlara istinad edib. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, azərbaycanlılar legitim şəkildə Zəngəzura qayıda bilər və bu, bizim hüququmuzdur.
Digər mühüm məqam Fransaya dair səslənən fikirlər idi. Qeyd edildi ki, bu dövlət hər zaman Azərbaycanda dost ölkə hesab olunub. Prezident Parislə bir çox iqtisadiyyat, ticarət və infrastruktur layihələrini həyata keçirməyimizi xatırlatdı, münasibətlərin zamanında uğurla inkişaf etdiyini dedi.
“Biz ümid edirik ki, Minsk qrupunun həmsədri və dürüst vasitəçi kimi Fransa bu vəzifəyə sadiq olacaq. Fransa Minsk qrupunun həmsədri olmasaydı, əlbəttə, onun istənilən ölkə ilə münasibət qurması öz işi olardı”.
Müharibə zamanı idə Fransa özünü dürüst vasitəçi kimi aparmadı. Paris aşkar şəkildə tərəf seçdi. Bu, işğalçı Ermənistan idi. Ali Baş Komandan çox gözəl vurğuladı ki, bizim Fransa ilə Ermənistanın tarixi əlaqələrindən, Fransada fəal erməni icmasının olmasından və onların qərar qəbul edən şəxslərə mümkün təsirindən xəbərimiz var. Münaqişə boyunca Fransa özünün hərəkət və bəyanatlarında Azərbaycanı açıq şəkildə ittiham etdi və qərəzli yanaşma nümayiş etdirdi. Təbii ki, bu məsələ narahatlıq doğurdu. Fransa vasitəçi ölkə kimi ATƏT-in mandatına sahibdirsə, bitərəf olmalıdır...
Həqiqətən də Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik. Fransa da regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Elə biz də bunu istəyirik. Odur ki, bir il əvvəl baş verənlərə qayıtmalı deyilik.
Prezident haqlı olaraq Azərbaycanın erməni “hərbi əsirlər”in saxlanılması ilə bağlı “Human Rights Watch”un ittihamlarını rədd etməsini də xatırlatdı. Çünki müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Hətta Ermənistan hökuməti də bunu təsdiq edə bilər. Prezident deyir ki, biz bu əsriləri ermənilər bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq... QHT-lərin istinad etdiyi şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törədiblər. Bu cinayətkarlar zərərsizləşdirildi və həbsə atıldı. Cinayətdə iştirakı olmayanların çoxu isə artıq geri qaytarılıb.
Bir sözlə hərbi əsirlər müharibə zamanı əsir düşmüş şəxslərdir. Sonradan cinayət hadisəsi, terror törədənlərə hərbi əsir demək heç bir məntiqə sığmır. Doğrudan da bu şəxslər Azərbaycan ərazilərinə noyabrın 26-da-kapitulyasiya aktından xeyli sonra göndərilmişdi. Yəni, müharibə bitdikdən 16 gün sonra. Onların hansı ağılla hərbi əsir hesab edilməsi hələ də anlaşılan deyil. Azərbaycan isə onların çoxunu xoşməramlı jest kimi artıq qaytarıb. Lakin burada qalıb cəzasını çəkən şəxslər cinayət törədib və onlar ədalət mühakiməsi qarşısında cavab verməli idilər və bu, belə də oldu.
Ümumiyyətlə müsahibədə toxunulan vacib məqamlar, siyasi mesaj və açıqlamalar dəqiqliyi, mühümlüyü ilə seçildi. Prezidentin əvvəlki müsahibələri kimi bu müsahibə də tutarlı faktlara əsaslandı, dəmir məntiqə söykəndi!
Şavəli Babayev
Bakı şəhəri Xəzər rayonu 216 № li tam orta məktəbin Direktor əvəzi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB