"Zəfər yürüşü Azərbaycan cəmiyyətinin gücü və əzəməti idi" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

"Zəfər yürüşü Azərbaycan cəmiyyətinin gücü və əzəməti idi" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Bakıda şəhid portretləri ilə birlikdə kütləvi anım yürüşü bizim mütəqillik tariximiz, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə tarixi üçün unikal bir hadisədir. Çünki hələ indiyə qədər formasına və məzmununa görə Azərbaycanda belə bir yürüş keçirilməyib. Onun möhtəşəmliyi vətən müharibəsində canından keçmiş şəhidlərimizin hər birinin adına ayrıca bir portretin əks olunmasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, yürüşün unikallığı ona Azərbaycan Prezidenti və birinci Vitse-Prezidentinin əllərində şəhid portretləri ilə öndərlik etməsi idi: “Bu yürüş Azərbaycanın bütün təbəqələrini vətənpərvərlik nöqteyi-nəzərdən riqqətə gətirdi. Zəfər yürüşü öz kütləviliyi ilə Azərbaycan cəmiyyətinin bütün siyasi aktivliyinə, vətənpərvərliyinə və dövlətin Qarabağ uğrunda apardığı mübarizəyə, savaşa tamamilə uyğun gəldi. Bu, Azərbaycan cəmiyyətinin gücü idi. Şəhidlərimizin xatirəsinin yüksək səviyyədə anılması Azərbaycan dövlətinin, birliyinin gücünün nümayişi oldu. Əslində, bu yürüş Bakıda Qənimətlər Parkından sonra ermənilərə çox böyük bir zərbə oldu”.

A.Quliyevin sözlərinə görə, Ermənistanda müharibə dövründə ölmüş əsgərlərlə bağlı məsələlər hakimiyyətlə cəmiyyət arasında daim çəkişmələrə səbəb olurdusa, Azərbaycanda bunun əksinə cəmiyyətlə dövlət arasında tam bir anlaşma var: “Biz bilirik ki, Ermənistanda hətta ölmüş əsgərlərin qəbirlərini betonladılar. Qəbirlərin yenidən açılması, orada deyilən əsgərlərin olub-olmadığının araşdırılması tələb olundu. Ermənistanda bu səpkidə olan rüsvayçı hadisələrin sayı çoxdur. Şəhidlərin portretləri ilə anım yürüşü bir daha nümayiş etdirdi ki, Vətən Müharibəsinin başlanğıcından bu günə qədər onun bütün elementlərinə və detallarına münasibətdə Azərbaycan cəmiyyəti, hakimiyyəti və bütün siyasi qüvvələr eyni mövqedədir. Aramızda ümummilli bir anlaşma mövcuddur. Zəfər yürüşü Azərbaycan cəmiyyətində total bir anlaşmanın olduğunu nümayiş etdirdi. Bu Azərbaycan cəmiyyətinin gücü və əzəməti idi”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə