Prokuror Arayik Arutunyana qarşı cinayət işi açıb, 800 nəfər ittiham edilir

Ermənistanda yeni məhkəmə qalmaqalı başlayıb. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, hədəfdə 800 hərbçi var.

Maraqlısı budur ki, sorğu suala çəkilənlər arasında separatçıların hazırkı başçısı Arayik Arutunyan da var. O, konkret olaraq "Qarabağın cənubundakı hərbi hissələrin idarə olunmasında mümkün qanun pozuntuları, eləcə də hərbi hissələrin tamamlanması zamanı yol verilən pozuntular"a görə ittiham olunur.

Ermənistan Baş Prokurorluğu 2020-ci ilin payızında Qarabağda gedən döyüşlərlə əlaqədar iki mindən çox cinayət işini araşdırır. Cinayət Məcəlləsinin bir sıra maddələrinə əsasən, Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində, Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində, həmçinin Xüsusi İstintaq Xidmətində cinayət işləri başlanıb.

Xüsusilə, hərbi birləşmələrdə xidmət edən şəxslərin işə qəbulu və silahlı qüvvələrin komplektləşdirilməsi zamanı yol verilən pozuntular, növbətçi məntəqələrdən icazəsiz imtina halları, qanunsuz silah və döyüş sursatı, habelə partlayıcı maddələrin əldə edilməsi, Dağlıq Qarabağdan Ermənistana çatdırılması, hərbi xidmətdən yayınma halları, sifarişlə və kənar şəxslərin göstərişlərinə əməl edilməsi, özünə xəsarət yetirilməsi halları araşdırılır.

Həmçinin cinayət işində bölmələrin cənub istiqamətində döyüş tapşırığını icra etməkdən imtina, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədlərinə və Qarabağın mərkəzinə - Şuşa şəhərinə hücumu epizodları, xüsusilə, "Lələ-Təpə", Hadrut şəhəri və ətrafındakı kəndlərin müdafiəsi zamanı baş verənlər və digər döyüş epizodları araşdırılır.

Bundan başqa, itkin düşmüş və ya əsir düşmüş hərbçilərin qohumlarından pul tələb etmə epizodları da cinayət işində keçir. Habelə "bir neçə milyard dollarlıq rüşvət müqabilində ərazilərin təhvil verilməsi" də məhkəmədə araşdırılacaq. Artıq genişmiqyaslı istintaq əməliyyat-axtarış tədbirlərinə başlanılıb, ekspertizalar təyin olunub. Qarabağın cənubunda baş verən hadisələrdə Arayik və onun müşaviri, "Qarabağ Müdafiə Ordusu"nun komandirləri, "Qarabağ Təhlükəsizlik Şurası"nın keçmiş katibi və digərləri daxil olmaqla təxminən 150 nəfər saxlanılıb. Təxminən iyirmiyə yaxın şəxsin üzərində yoxlama aparılıb və mülkləri müsadirə olunanlar var. Əldə edilən sübutlar əsasında 800-dən çox şəxsin ədalət məhkəməsinə cəlb edilməsi barədə qərarlar qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə