Qubadlı ictimaiyyəti şəhidləri anıb - FOTOLAR

Qubadlı rayonu İcra Hakimiyyəti 27 Sentyabr Vətən Müharibəsi şəhidlərinin Anım gününə həsr olunmuş silsilə tədbirlər keçirir. SİA-nın məlumatına görə, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında, eləcə də Sumqayıt şəhər Şəhidlər Xiyabanında və Abşeron rayonu St.Sumqayıt ərazisində Vətən müharibəsi şəhidlərinin anım mərasimləri baş tutub. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən şəhidlərin yaxınları da iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Bakı şəhərində yerləşən 2-ci Fəxri Xiyabanı ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub. Çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov vurğulayıb ki, 44 günlük Vətən müharibəsi 30 illik həsrətə son qoyaraq xalqımızın öz doğma yurd-yuvalarına qovuşmasını təmin edib. Qubadlı sakinlərinin hər zaman Prezident İlham Əliyevə inandığını deyən M.İsaqov bildirib ki, bu gün Qubadlı və digər rayonlarımız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun apardığı mübarizə sayəsində öz azadlığına qovuşub. İcra Hakimiyyəti başçısı Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizin əziz xatirəsinin daim yaddaşlarda yaşayacağını deyib. Çıxış edən digər natiqlər də şəhidlərin xatirəsini yad ediblər, onların qəhrəmanlıqları haqda fikirlərini bölüşüblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Qubadlı sakinlərindən 11 nəfər şəhid olub, 40-dan çox insan yaralanıb.

Daha sonra Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında şəhidlərin məzarı ziyarət olunub. Abşeron rayonu St.Sumqayıt ərazisində isə şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə