Sərhədçilər dənizdə köməksiz qalan 3 nəfəri xilas ediblər - FOTOLAR

Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə tədbirlərinin həyata keçirilməsi fəaliyyətləri davam etdirilir. SİA-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sentyabr ayının 25-də saat 05:25 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Zirə istiqamətindən dənizə çıxan və sahildən 10 km məsafədə köməksiz vəziyyətdə qalan qayığın 3 nəfər heyətinin xilas edilməsi üçün müraciət edildiyi barədə məlumat daxil olub.

Qısa müddət ərzində həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində Xəzər dənizinin mərkəzi hissəsində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən “Şah Dili” burnu istiqamətində sahildən təxminən 7 km məsafədə 3 nəfər heyət üzvü olan taxta qayıq aşkarlanıb.

Üzmə vasitəsinin heyəti gəminin göyərtəsinə təxliyyə olunaraq ilkin tibbi yardım göstərilib, qayıq isə yedəyə alınaraq sahilə çıxarılıb. Xilas edilmiş şəxslərin Bakı şəhər sakinləri 1996-cı il təvəllüdlü Zeynalov Elnur Sürəddin oğlu, 1989-cu il təvəllüdlü Məhərrəmov Rəşid Fikrət oğlu və 1992-ci il təvəllüdlü Fətullayev Rüfət Rauf oğlu olmaları müəyyənləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə