Daşkəsəndə Anım Günü qeyd olunub - FOTOLAR

Sentyabrın 27-də Daşkəsəndə Anım Günü münasibətilə rayonun 4500-dən çox sakini Daşkəsən rayon Şəhidlər xiyabanını ziyarət edib. SİA-nın bölgə müxbiri xəbər verir ki, Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyub.

Əhəd Abıyev ümumrayon tədbirində çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətənimiz uğrunda Müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirəsinə dərin hörmət və ehtiram əlaməti olaraq sentyabrın 27-sini Anım Günü kimi Azərbaycanın bütün ərazi bölgələrində, şəhər və rayonlarında, o cümlədən Daşkəsən rayonunda da qeyd edilir. Bu Anım Günündə Şəhidlərimizin ruhuna dualar oxunur, onların əziz xatirəsi yad edilir.

Cəmi 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu ordunu darmadağın edərək, böyük tarixi qələbəyə nail oldu.

Artıq Qarabağ Azərbaycan xalqı üçün arzu deyil, reallıqdır. Bu reallığı yaradan və qələbəmizi təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, fədakar qalib ordumuzun əsgər və zabitlərinə, qazilərimizə, bütün şəhidlərimizə daşkəsənlilər adından sonsuz minnətdarlığımızı ehtiramla bildiririk.

Bu gün Prezident cənab İlham Əliyevin, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı nümunə olmaqla, şəhidlərimizin xatirəsi xalqımız üçün daima əzizdir.

Vətən Müharibəsində Daşkəsən rayonundan da yüzlərlə gənc könüllü olaraq ordu sıralarına qoşulmuş, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq dastanı yazmışlar. Onlardan 32 nəfəri müqəddəs şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

Vətən övladları şəhidlərimizin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır!

Allah bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!

Sonra rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, ictimaiyyət nümayəndələri və sakinlər qəmli musiqi sədaları altında şəhid məzarlarına güllər düzüblər.

Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Anım Günündə şəhid ailələrinin üzvləri, qazi və Vətən Müharibəsi iştirakçıları hüquq-mühafizə orqanları ilə birgə rayonun Şəhidlər xiyabanı ərazisində şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçiriblər. Əhəd Abıyev əkilmiş 500-dən çox ağaca mütəmadi qulluq göstərilməsi üçün tapşırıqlarını verib.

Daha sonra Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə Vətən Müharibəsi şəhidi Ələsgərov Pərviz Lətif oğlunun doğum gününü yad etmək üçün Mədənçilər qəsəbəsində şəhidin valideynlərinin yaşadığı evdə olublar. Əhəd Abıyev şəhidin valideynləri ilə söhbət edib, Pərviz Ələsgərovun döyüş yolundan söhbət açıb. Həmçinin rayon rəhbəri şəhid ailələri və qazilərlə bağlı Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ardıcıl mühüm tədbirlər gördüyünü diqqətə çatdırıb. Şəhid atası Lətif Ələsgərov, anası Aybəniz Ələsgərova ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Anım Günündə Əhəd Abıyev Xoşbulaq kənd qəbiristanlığında Vətən Müharibəsi şəhidi Bağırov Eşqin Rafiq oğlunun məzarını ziyarət edib, ailə üzvləri ilə görüşüb.

Sonra Əhəd Abıyev Qazaxyolçular kəndinə gələrək Vətən Müharibəsi şəhidi Cabbarov Muraz İlham oğlunun xatirəsinə inşa olunan bulağın tikinti işləri ilə maraqlanıb, lazımi köməklik göstərib.

Anım Günündə rayon İcra hakimiyyətinin məsul əməkdaşları Gəncə şəhər Şəhidlər xiyabanda daşkəsənli şəhid məzarlarını ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...