Azərbaycan Ordusunun inamlı Qələbəsi - MƏQALƏ

Azərbaycan Ordusunun inamlı Qələbəsi - MƏQALƏ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. Müsahibə bu gün jurnalın saytında işıqlandırılıb.

Vətən müharibəsinin ilk anından hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdi. Ordumuz ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail oldu və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdi.

Azərbaycan müharibəyə hər zaman hazır olub, bizi dayandıran amil məsuliyyətli ölkə olmağımız, beynəlxalq hüquq və təşkilatlara olan inamımız idi. Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi. Müharibə dövründə bizim davranışımızın əsası, təbii ki, keçən il döyüş əməliyyatları başlanandan xeyli əvvəl işlənib hazırlanmışdı, lakin hərbi əməliyyatların gedişində biz buna dəyişikliklər edirdik. Bu barədə Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib.

Dünya 30 il ərzində işğal faktı qarşısında susdu. Bəzən hətta böyük məyusluqla işğalçını stimullaşdıran addımlara şahidlik etdik. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində işlək vəziyyətə gətirilsə də, Azərbaycan torpaqlarının işğalı ilə bağlı qəbul olunan qətnamələr məcburi icraya yönəldilmədi. Ermənistanın beynəlxalq hüququ heçə sayan addımlarına ya göz yumuldu, ya da hansısa formada buna bəraət qazandırıldı. Nəticədə, işğal faktına görə heç bir beynəlxalq təzyiq və sanksiyalarla üzləşməyən təcavüzkar daha da azğınlaşdı və “yeni torpaqlar üçün yeni müharibə” konsepsiyası ilə çıxış etməyə başladı. Belə olan halda Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməkdən başqa alternativi qalmadı və 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 günlük Zəfər yürüşümüz start götürdü. Azərbaycan dövləti BMT-nin illərdir masa üzərində qalan qətnamələrini özü icra edərək dünya miqyasında yeni presedent yaratdı.

Ermənistan ordusunun məğlubedilməzliyi ilə bağlı illərdir formalaşdırılmış mif 44 günə darmadağın edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni reallıqlar yarandı və dünyanın güc mərkəzləri başa düşdü ki, regionda Azərbaycanla hesablaşmaqdan başqa yol yoxdur.

İşğaldan azad edilmiş ərazilərimiz tikinti-quruculuq meydanını xatırladır. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, uzunluğu 100 kilometrdən çox olan Zəfər yolunun inşası, dünyaya səs salan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurla gerçəkləşdirilməsi, Ağdam və Şuşa şəhərlərinin baş planlarının təqdim olunması bu qəbildən olan layihələrin yalnız bir qismidir. Həyata keçirilən bütün bu işlər Azərbaycan xalqının sülhsevər missiyasınn təqdimatına çevrilir. Azərbaycan xalqı azad edilmiş topaqlarıda gördüyü işlərlə qurucu, yaradıcı xalq olduğunu göstərir.

“Hərbi Qənimətlər Parkı, ilk növbədə, bizim Zəfərimizin nümayişidir. Biz düşməni əsla zəif hesab etməməli idik və heç vaxt belə etməmişik, onlar çox yaxşı silahlanmışdı. Təbii ki, həmin parkda məhv edilənlərin və ələ keçirilənlərin az bir hissəsi nümayiş etdirilir. Bütün qənimətlərin və məhv edilmiş hərbi texnikanın tam siyahısı isə mətbuatda var. Buna görə də, ilk növbədə, bu, qələbənin nümayişi, həlak olanlara ehtiram əlaməti, gənc nəslin, artıq qalib xalqın nümayəndələri kimi yaşayacaq insanların nəsillərinin tərbiyəsi üçündür. İşğalın bütün çətinliklərini hiss etməmiş, fiziki və mənəvi əzablara məruz qalmamış, daim ədalətsizlik, təhqir hissini keçirməmiş insanların öz torpaqlarından qovulmuş xalqdan 44 gün ərzində qalib xalqa çevrilmiş Azərbaycan xalqının keçirdiyi hissləri anlaması bəlkə də çətindir. Həmin parkın rəmzi mənalarından biri də ondan ibarətdir ki, biz bu müharibəni heç vaxt unutmayaq. Bəli, müharibə başa çatıb, biz bu səhifəni çevirməyə hazırıq, biz hətta Ermənistan ilə sülh müqaviləsi üzərində işə başlamağa hazırıq, lakin biz heç vaxt işğal dövrünü unutmamalı, həlak olmuş mülki və hərbi vətəndaşlarımızı unutmamalıyıq. Parkda həm də erməni komandirlərin öz hərbi qulluqçularına qeyri-insani münasibəti azacıq da olsa nümayiş etdirilir. Biz tərk edilmiş səngərlərdə oraya zəncirlə bağlanmış insanları tapırdıq. Məhv edilmiş hərbi yük maşınlarında onların sürücülərini tapırdıq. Bu adamlar qaçmamaları üçün zəncirlə sükana bağlanmışdı. Bu, sadəcə, barbarlıqdır və bunu hamı bilməlidir”. Bu sözləri cənab Prezidentimiz müsahibəsində bildirib.

Milli Ordumuz sahib olduğu qətiyyət sayəsində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması ordumuzun çeviklik və peşəkarlıq səviyyəsinin çox yüksək olmasını nəinki düşmənə bütün dünyaya nümayiş etdirdi. Qısa zamanda əldə olunan nailiyyətlər peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması şəxsi heyətin uğurla irəliləyərək Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikalarının aşkar edilərək məhv edilməsi və onların hərəkət trayektoriyasına nəzarət aparılmasına imkan verir. Azərbaycanın dünya miqyasında 50 ən güclü orduya sahib dövlətlərin siyahısında olması bizi çox qürurlandırır və yalnız qələbə ümidlərini yaşadır!

Vətən müharibəsi dövründə Azərbaycan hərbiçisinin nümayiş etdirdiyi cəsarət, rəşadət, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsi nəticəsində bu gün Qalib Ordu obrazından, yeni əsrin müharibəsini aparmış Azərbaycan Ordusunun qüdrətindən danışılmaqdadır.

Səbinə Şahverdiyeva

181 nömrəli tam orta məktəbin “İlk Partiya Təşkilatı”nın sədri

Bütün xəbərlər Facebook səhifəmizdə