Sürücülər "Bolt"dan narazıdır - ETİRAZ

"Bolt" şirkəti ilə əməkdaşlıq edən taksi sürücüləri bu gün Bakıda etiraz aksiyası keçirib. SİA xəbər verir ki, "Xəzər” televiziyasının qarşısında toplaşan taksi sürücüləri qiymətlərin çox aşağı olmasından narazıdır.

"Bolt" sürücüləri etirazlarını onunla əsaslandırıb ki, müştərilərin getdiyi məsafə qarşılığında ödənilən məbləğ həddən artıq azdır. Bu nəinki onlara sərf etmir, heç yanacağın pulunu da qarşılamır.

Aksiya iştirakçısı taksiçilərindən birinin dediyinə görə, bu vəziyyət yalnız şirkətə və vətəndaşlara sərf edir: "Təəssüf ki, bu vəziyyət uzun müddətdir ki, belədir. Bəzən çox uzaq məsafələrə sifariş qəbul edilsə də bizə ödənilən məbləğ həddən artıq az olur. Biz də evimizə çörək aparırıq. Bundan əlavə sürdüyümüz maşınların gündəlik benzin və aylıq təmir xərcləri olur. Mövcud vəziyyət qarşısında isə əlacsız qalmışıq. Məsələ ilə bağlı bizə yardım göstərən yoxdur".

Taksi sürücüləri vətəndaşların bəzən haqsız yerə onların xidmət göstəricisi olan ulduzları kəsdiyindən də şikayətlənib. Sürücülər bildirib ki, aksiyanı "Xəzər” televiziyasının qarşısında keçirməkdə məqsədləri bu yolla medianın diqqətini qarşılaşdıqları haqsızlığa çəkməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə