Sentyabrın 23-də Masallı Tarix-Diyarşünaslıq Muzeyində 27 sentyabr "Anım günü" ilə bağlı "Tarix yazan igidlərimiz" mövzusunda tədbir keçirilib. Tədbirdə şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, mədəniyyət işçiləri, Rayon Gənclər və idman idarəsinin gəncləri və digərləri iştirak edib. SİA xəbər verir ki, tədbirə başlamazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik ehtiramla yad edilib.
Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva Vətən müharibəsinin başlanmasının ildönümü, ötən dövr ərzində şəhid ailələri və müharibə iştirakçılarına göstərilən qayğı və bu sahədə görülən digər işlərdən danışıb. Həmçinin o, müharibəyəqədərki dövrdə ölkəmizin münaqişənin ədalətli, beynəlxalq hüquq prinsipləri çərçivəsində tənzimlənməsinə göstərdiyi səylər, ölkə Prezidentinin bir neçə il öncə Valday konfransındakı qətiyyətli çıxışlarından bəhs edib.
Masallı Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşı, Vətən müharibəsi iştirakçısı Nurlan Muradov çalışdığı şöbənin fəaliyyəti, eləcə də bugünədək şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı görülmüş sosial tədbirlər barədə məlumat verib. O, eyni zamanda, müharibə iştirakçısı kimi şəxsi döyüş təcrübəsi və müşahidələrindən də söhbət açıb.
Birinci Qarabağ Müharibəsi iştirakçısı Nahid Rəhimov Masallıdan olan əsgərlərin döyüşlərdə göstərdikləri igidlikdən, həmçinin böyük coşğu ilə döyüşlərə qatılan könüllü gənclərin yüksək vətənpərvərlik duyğularından qürur hissi ilə bəhs edib.
Digər çıxış edənlər ordumuzun döyüşlərdə göstərdiyi şücaət, ictimaiyyətin şəhid ailələri və müharibə iştirakçılarına olan həssas münasibəti və göstərilən qayğıdan danışıblar.
ƏLİHÜSEYN ŞÜKÜROV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB