YAP Veteranlar Şurasının üzvü vəfat edib

Yeni Azərbaycan Partiyasına ağır itki üz vermişdir. SİA-nın məlumatına görə, YAP Veteranlar Şurasının üzvü, “91-lər”in nümayəndəsi Kərim Hacıxan oğlu Kərimov ömrünün 85-ci ilində vəfat etmişdir.

Kərim Hacıxan oğlu Kərimov 18 fevral 1936-cı ildə Qax rayonunun İlisu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Şəki Pedaqoji texnikumuna daxil olmuşdur. 1955-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirdikdən sonra N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun tarix, dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur. 1960-cı ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuşdur.

Kərim Kərimov 1960-1995-ci illərdə Tədris-kurs kombinatının direktoru, Yüngül Sənaye Nazirliyinin kommunal-təsərrüfat idarəsinin rəisi vəzifəsində, kadrlarla iş sahəsində çalışmışdır. Kərim Kərimov 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası başlanan zaman əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, həmin dövrlərdə respublikada mövcud olan mürəkkəb ictimai-siyasi proseslərə münasibətdə özünün prinsipiallığı ilə fərqlənmişdir. O zaman respublikamızın bir çox vətənpərvər ziyalıları kimi, Kərim Kərimov da ölkəmizin düşdüyü çətin durumdan yeganə xilas yolunu ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsində görürdü. O, Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsü ilə çıxış edən, bu məqsədlə ulu öndər Heydər Əliyevə müraciət edən 91 ziyalıdan biri olmuşdur.

Kərim Kərimov 21 noyabr 1992-ci ildə Naxçıvan şəhərində YAP-ın təsis konfransında iştirak etmiş, konfransda partiyanın İdarə Heyətinin üzvü seçilmişdir. YAP İdarə Heyətinin üzvü kimi partiyanın təşkilatlanması, onun yerli strukturlarının formalaşdırılmasında yaxından iştirak etmişdir. 1993-cü ilin yanvar ayında yaradılan YAP Nərimanov rayon təşkilatının ilk sədri seçilmişdir.

Kərim Kərimov 1995-ci ilin noyabr ayında müstəqil Azərbaycan Respublikasının ilk parlamentinin üzvü-Milli Məclisin deputatı seçilmişdir. O, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri kimi insan hüquq və azadlıqlarına dair milli qanunvericiliyin formalaşmasında yaxından iştirak etmişdir.

Kərim Kərimov 2000-ci ildə də II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş və parlamentin İntizam komissiyasına rəhbərlik
etmişdir.

O, bütün fəaliyyəti dövründə hər zaman ulu öndər Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin siyasətinə sadiq qalmış, dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin təbliğində fəal iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Kərim Kərimov respublikamızın ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Kərim Kərimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə