"İnternetin keyfiyyəti ilə bağlı çox ciddi problemlər var" - EKSPERTLƏR AÇIQLADI
“Azərbaycanda internetin qiymətinin aşağı və ya yuxarı olmasından asılı olmayaraq təəssüflər olsun ki, internet çox problemlidir. Azərbaycan dünyada internetin sürətinə görə, 167-ci yerdədir”. Bu sözləri SİA-ya açıqlamasında media eksperti Azər Həsrət deyib.
Onun sözlərinə görə, bu ondan xəbər verir ki, internetin keyfiyyəti ilə bağlı çox ciddi problemlər var: “Təəssüflər olsun ki, biz bunu illərdir deyirik ki, Azərbaycanda internetin qiyməti çox yüksəkdir. Yüksək qiymət tətbiq edib, aşağı keyfiyyət təqdim etmək doğru bazarlama siyasəti deyil. Görünür ki, bəzi provayderlər bu narazılıqları qiyməti aşağı salmaqla konpensasiya etmək istəyirlər. Amma ki, qiyməti aşağı salmaq çıxış yolu deyil. Çıxış yolu həm keyfiyyəti yüksəltməkdir, həm müqavilədə nəzərdə tutulan sürəti müştəriyə təqdim etməkdir, həm də şikayətlərə hörmətlə yanaşmaqdır. Məsələn mən Bakı şəhərində ailə.netdən istifadə edirəm. Neçə müddətdir onların “skype” proqramının bloklandığı haqqında danışıram, özlərinə məktub da yazmışam. Amma onlar buna reaksiya belə vermirlər. Yəni Azərbaycan dövləti “skype”ı bloklamaq haqqında hər hansı bir qərar qəbul etməyibsə, internet provayderi hansı haqla bunu bloklayır və bizim onların hansı səbəblə bu addımı atdıqları ilə bağlı səsləndirdiyimiz fikirlərə aylardır ki, reaksiya belə vermirlər. Bu keyfiyyətsizlik nəticə etibarilə bizim kimi insanlarda, müştərilərdə, abunəçilərdə narazılıq yaratmalıdır”.
Mövzu ilə bağlı İTK üzrə ekspert Rəşad Cəfərov fikir bildirib: “İnternet xidmətlərindəki tariflərdə son dəyişiklik “Aztelecom” və “Baktelekom”a aiddir. Bir neçə gün öncə biz bunun şahidi olduq. “Aztelecom”un bu addımı regionlarda internet istifadəçilərinin işinə müsbət təsirini göstərəcək. Özüm də rayonda olanda bunun əziyyətini çəkdiyim üçün istifadəçilərin dərdini çox yaxşı bilirəm. Bu addım istifadəçilərin internetə qoşulma, yükləmələr zamanı əməliyyatları sürətli aparmağa imkan yaradacaq. İnanmaq istərdim ki, smartfonumuzun ekranındakı WİFİ üzərində nida işarəsinə də az-az rast gələcəyik. Digər provayderlərdən də bu addımın atılmasını gözləyirik. Bəzi provayderlər bunu yeni qoşulan abunəçilərə kampaniya kimi təklif edirlər. Qiymət endirimi bütün istifadəçilər üçün tətbiq edilməlidir. O ki, qaldı ümumilikdə ölkədə internet xidmətlərinin göstərilməsinə, bu sahədə həll olunmalı problemlər az deyil. Bu problemlərin həlli istiqamətində son günlərdə NRYTN ilə internet provayderləri arasındakı aparılacaq müzakirələrin, nazirlik yanındakı İctimai Şuranın son iclasındakı müzakirələrin bir nəticə verəcəyinə ümidliyik”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB