COVİD pasportu olmayan taksilərin fəaliyyəti DAYANDIRILIR? - NƏQLİYYAT EKSPERTİ AYDINLIQ GƏTİRDİ

“Sərnişin daşımada təhlükəsizliyi təmin etmək məqsədilə taksi sürücüləri qarşısında hər iki doza vaksinləşmək tələbi qoyulub. Bu gün kim taksi sürücüsüdür? Sualına da hələ cavab tapmamışıq”. Bu sözləri SİA-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, biz əvvəlcə bilməliyik ki, taksi sürücüsü deyəndə kimi nəzərdə tuturuq: “Elə adam var ki, maaşı azdı, axşam işdən sonra maşınının üzərinə şahmat qoyub taksiçilik edir. Biz bu insanlara da taksi sürücüsü deyirik, ömrünü, gününü bu sahəyə həsr eləmiş insanlara da taksi sürücüsü deyirik. Bu baxımdan əvvəlcə müəyyənləşdirmək lazımdır ki, maşınının üzərinə şahmat qoyanların hamısı taksi sürücüsüdürmü? Onların fərqlənmə nişanı varmı? Onlar dövlətə rüsum ödəyirlərmi? Əvvəlcə bu məsələlər müəyyənləşdirilməlidir. Daha sonra isə bu proses həyata keçirilməlidir. Hər bir halda istənilən bir sahədə qayda-qanunun yaradılması çox vacibdir. Təəssüflər olsun ki, taksi fəaliyyəti ilə bağlı qayda-qanun hələ də mövcud deyil. Xaotik vəziyyət hökm sürür. Bu baxımdan da Daxili İşlər Nazirliyinin irəli sürdüyü tələbin necə gerçəkləşəcəyi müxtəlif suallar doğurur. Ancaq təhlükəsizlik baxımından, sərnişinlərlə çox ünsiyyətdə olduğu baxımından taksi sürücülərinin peyvəndlənməsi çox vacibdir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə