Göyçayda Şəhidimizin adına küçə istifadəyə verilib FOTO

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev tərəfindən Göyçay rayonunun İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Mövsümov Fərid Zakir oğlunun doğum günü dərin hüznlə anılıb, şəhidimizin adına küçə istifadəyə verilib.

SİA-nın məlumatına görə, şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu dərin hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin, qəhrəmanlarımızın qanının yerdə qalmadığı vurğulanıb.

Yaşasaydı Fəridin 34 yaşı tamam olacaqdı. Şəhid Mövsümov Fərid Zakir oğlu 19 Sentyabr 1987-ci il tarixində Göyçay şəhərində ziyalı ailəsində anadan olub.

Fərid uşaq vaxtı çox vətənpərvər, həyat eşqi ilə dolu, şən və savadlı uşaq olmuşdur. Vətəninə, torpağına, bayrağına olan sevgi Fəriddə dolub daşırdı. Onun ən böyük arzusu düşmənlərimizin cavabını layiqincə vermək və Polad Həşimov kimi qəhrəman oğullarımızın intiqamını almaq idi.

2005-2007- ci illərdə həqiq hərbi xidmətdə olmuş, 2020-ci ilin sentyabr ayının sonlarında isə işini, təhsilini yarımçıq qoyaraq İkinci Qarabağ – Vətən Müharibəsində iştirak etmək üçün öz ərizəsi ilə könüllü olaraq hərbi hissəyə adını yazdırmış, oktyabrın 5-də döyüşlərə yollanmışdır.

İlk öncə Tərtər istiqamətində gərgin döyüşlərdə iştirak etmiş, daha sonra Füzulinin Qaraxanbəyli kəndində gedən döyüşlərdə mərd, qorxmaz bir əsgər kimi qəhrəmancasına şəhid olub.

Oktyabrın 30-da Göyçay rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Fərid ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir.

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...