Deputat Göyçayda seçiciləri ilə görüşüb - FOTOLAR

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyev 15 sentyabr tarixində əraziyə növbəti səfərini edib. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində millət vəkili ilk öncə ərazi üzrə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında yüksək nəticə göstərən gənc məzunlarla görüşüb.

Deputat Göyçay, Ağdaş təhsil şöbələrinin nümayəndələri və məzunlarla birlikdə ilk öncə Göyçay şəhər Heydər Əliyev parkında Ümummili Lider Heydər Əliyevin abidəsi üzərinə tər qərənfillər düzərək, ruhunu ehtiramla yad edib, daha sonra gənclərə gələcək fəaliyyətləri ilə bağlı öz məsləhət və tövsiyələrini verib.

Görüşdə Məzahir Əfəndiyev çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü və ölkəmizdə gənclərə geniş imkanlar yaradıldığını xüsusi vurğulayıb. Sonra ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal topladıqlarına görə məzunları səmimi qəlbdən təbrik edib, hədiyyələr təqdim edərək onlara xoş arzularını çatdırıb, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

İştirakçı gənclər millət vəkilinə gələcək planları ilə bağlı məlumat verərək görüşə görə öz dərin minnətdarlıqlarını bildiriblər.

Eyni zamanda səfər çərçivəsində Göyçay rayon Heydər Əliyev Mərkəzində müraciət edən vətəndaşların qəbulu, habelə Göyçay rayon İkinci Ərəbcəbirli kəndində seçicilərlə görüş keçirilib.

Qəbula gələn vətəndaşlar əsasən sosial yönümlü məsələlər, pensiya, sosial müavinətlər, məişət problemləri kimi müxtəlif mövzularda müraciətlər ediblər. Bir neçə məsələ müvafiq yerli orqanların nümayəndələrinin iştirakı ilə yerindəcə həllini tapıb. Deputat səlahiyyətlərinə aid olan məsələlər nəzarətə götürülüb və həlli üçün qanunvericilik çərçivəsində müvafiq addımlar atılıb.

Qeyd edək ki, qəbulda 40-a yaxın ərazi üzrə vətəndaş iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə